“Bütün başıma gələnlər mənim üçün bir daha əsas verdi ki, Rusiyada saxlanılmağım, məhkəməyə aparılmağım və deportasiya olunmağım sifarişlidir”.
Türk.az xəbər verir ki, bunu Rusiya Federasiyasında saxlanılaraq Azərbaycana deportasiya edilən jurnalist Fuad Abbasov bu gün keçirdiyi mətbuat konfransında deyib.
O, hadisənin baş verdiyi ilk gündən danışıb:
“Mayın 16-sı saat 11-də gözlənilmədən yaşadığım binada üç mülki şəxsin hücumuna məruz qaldım. Mən də onların kim olduğunu bilmədim və özümü müdafiə üçün müqavimət göstərdim. Sonradan onların polis olduğu məlum oldu və müqavimət göstərdiyim üçün mənə təzyiqlər etməyə başladılar. Qollarımı qandalladılar. Bu zaman mən dəqiqləşdirdim ki, bu, ciddi məsələdir. Məni əllərim qandallı boynumu aşağı əyib mikroavtobusun içərisinə salıb tavanında yerləşdirdilər. Məni Ximski şəhərində yerləşən polis bölməsinə apardılar. Mənim Rusiya ərazisində yaşamaq hüququmun bitdiyini bildirdilər. Daha sonra adımdan yazılan ərizələrə imza atmağa məni məcbur etdilər. Məhkəmədə bütün hüquqlarım pozuldu və mənim Rusiyada yaşamaq iznimin olmadığını bir daha bildirdilər və mənim deportasiya olunmağım üçün qərar verildi”.
F.Abbasov vurğulayıb ki, Rusiya hüquq-mühafizə orqanları onun həbs müddətinin uzadılması üçün təxribata əl atıb: “İyunun 6-da məhkəmə qərarına əsasən, mən Rusiyanı tərk etməyi könüllü olaraq özüm istədim. Daha sonra iyunun 7-də Azərbaycana gəlməyim üçün hava limanına getdim. Hava limanında naməlum şəxs tərəfindən mənim Azərbaycana deportasiya olunmağımın da qarşısı alındı və məni təkrar təcridxanaya göndərdilər. Mən də həmin gündən aclıq aksiyasına başladım. Daha sonra öz hesabıma iki dəfə bilet almağıma baxmayaraq, bizim Azərbaycana gəlmək cəhdimizin qarşısını aldılar. Mənə elə gəlir ki, Rusiya hüquq-mühafizə orqanları mənim həbs müddətiminin uzadılması üçün və həbsimin cinayətini artırmaq üçün hətta evimə axtarışlara cəlb olundular”
Qeyd edək ki, Rusiyanın bir neçə azərbaycanlı icması paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva vilayətinin Ximski Şəhər Məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də “Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması” adlı 2737/2019 nömrəli işə baxıb və F.Abbasovun 50 il müddətində Rusiya ərazisinə girişinin qadağan edilməsi ilə bağlı qərar çıxarıb. Mayın 16-da Rusiyanın hüquq-mühafizə orqanları F.Abbasovu saxlayıb. Bundan sonra qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə şikayəti təmin etməyib. Moskva vilayətinin Korolyov şəhərindəki miqrantlar məntəqəsində saxlanılan F.Abbasov iyunun 25-də Azərbaycana deportasiya edilib.