Futbol üzrə Azərbaycan çempionatında yeni mövsümə start verilib

Avqustun 4-də Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə start verilib.

AZƏRTAC xəbər verir ki, “Dalğa Arena”da keçirilən mövsümün açılış oyununda “Araz-Naxçıvan” I tur çərçivəsində “Turan Tovuz”u qəbul edib. Birinci hissədə qapılara qol vurulmayıb. Qarşılaşmada hesab 53-cü dəqiqədə açılıb. Tovuz təmsilçisinin hücumçusu Martin Petkov fərqlənib. Bolqarıstanlı forvard həm də mövsümdə ilk qolun müəllifi olub.

Hesab arasındakı fərq 67-ci dəqiqədə iki topa çatıb. Bu dəfə nigeriyalı ön xətt oyunçusu Otto Con naxçıvanlıları mərkəzə dəvət edib. Görüşdə son nöqtəni Martin Petkov qoyub. 87-ci dəqiqədə dublunu rəsmiləşdirən yeni transfer “Turan Tovuz”a böyükhesablı qələbə qazandırıb – 3:0.

Qeyd edək ki, I tur çərçivəsində avqustun 5-də “Səbail” – “Sumqayıt” (18:30), “Qarabağ” – “Zirə” (21:00), ayın 6-da isə “Kəpəz” – “Neftçi” (17:00) və “Sabah” – “Qəbələ” (20:00) matçları oynanılacaq.

Əvvəlkiİnstaqram yazışmalara məhdudiyyət tətbiq edib
NövbətiABŞ-da xəstəxanalara kiberhücum olub, bir çox ştatlarda səhiyyə xidmətləri dayanıb