Füzulidə 30 ildən sonra ilk tədris ilinin zəngi çalınıb.
“Report”un Qarabağ bürosu xəbər verir ki, Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə yeni tədris ilinə start verilib.
Qeyd edək ki, Mirzə Uluqbəy adına Füzuli şəhər 1 saylı tam orta məktəbi, 960 şagird yerlikdir. Məktəb Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq inşa edilib. Yeni dərs ilində məktəbdə 160 şagirddən ibarət 11 sinif təşkil edilib və 15 müəllim burada tədris aparacaq.
İkimərtəbəli məktəb binasında 24 nəfərlik 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana və kitabxana mövcuddur.
Məktəb üçün ayrılan 3 hektar ərazi futbol meydançası, 8 söhbətgah, uşaqlar üçün oyun meydançası, elektrik şəbəkəsi binası, fərdi qazanxana, su hovuzu və digər zəruri yardımçı binalardan ibarətdir.