Füzuli rayonunda bayraq yürüşü keçirilib.
“Report”un Qarabağ bürosunun verdiyi məlumata görə, Müdafiə və Təhsil nazirlikləri tərəfindən rayonunun Horadiz şəhərində 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirib.
Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.
Yürüşdə təhsil nazirinin müavini Firudin Qurbanov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Müdafiə Nazirliyinin əməkdaşları, hərbçilər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.
Yürüşdən əvvəl iştirakçılar Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar. Yürüş iştirakçıları hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himnini oxuyublar.
Təhsil nazirinin müavini Firudun Qurbanov tədbirdə çıxış edərək üçrəngli bayrağın Azərbaycan dövlətinin müqəddəs rəmzlərindən biri və bu il 100-cü ildönümü qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olduğunu vurğulayıb.
O, hər bir azərbaycanlının qürur yeri olan dövlət bayrağının tarixindən söz açıb. Bildirib ki, ənənəvi olaraq hər il keçirilən “Bayraq yürüşü”nün gənclərin milli dəyərlərə ehtiram, milli ideallara bağlılıq ruhunda tərbiyə olunması baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev cəbhə bölgəsində belə tədbirin keçirilməsinin gənclərdə bayraq sevgisini daha da artıracağını vurğulayıb.
Daha sonra əsgərlər döyüş hazırlığı səviyyəsini nümayiş etdiriblər, məktəblilərin ifasında bayraq haqqında mahnılar səsləndirilib.