Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlıqdan sonra, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində də belə məzarlığın olduğu ehtimal edilir. Lakin bu ərazi minalanıb. Güman olunur ki, ermənilər bu kütləvi məzarlığın yerinin bilinəcəyini təxmin edib və daha çox insanın ölümünə səbəb olmaq məqsədilə ərazini qabaqcadan minalayıblar. Hazırda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Aşağı Seyidəhmədli kəndində kütləvi məzarlıq olduğu ehtimal olunan ərazidə minatəmizləmə əməliyyatları həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri Aşağı Seyidəhmədli kəndinə gedərək ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesi ilə tanış olub.
ANAMA-nın əməliyyat meneceri Habil Babayev bildirib ki, ilkin olaraq ərazidə 4 hektar sahənin təmizlənməsi nəzərdə tutulub. On gün ərzində ərazinin 10-15 faizi təmizlənib və tank əleyhinə 59 mina aşkarlanıb. Bu da o deməkdir ki, ərazidə çoxlu sayda mina və partlamamış hərbi sursatın çıxması ehtimalı var. Aparılan əməliyyatlar zamanı düşmən tərəfindən basdırılmış tələ minalara da rast gəlinir. Bu da təmizləmə işlərində çətinlik yaradır. Ümumilikdə isə İkinci Qarabağ müharibəsindən sonra ANAMA tərəfindən 81 mindən çox mina və partlamamış sursat aşkar edilib ki, bunlardan da 14 mini tank əleyhinə minalardır.
Aşağı Seyidəhmədli kəndi ərazisində minatəmizləmə əməliyyatlarında iştirak edən ANAMA-nın əməkdaşı Bəhruz Mahmudovun atası Birinci Qarabağ müharibəsində itkin düşüb. Bəhruz hər dəfə kütləvi məzarlıqlar olan ərazilərin minalardan təmizlənməsi zamanı atasının bir nişanəsinə rast gələcəyinə ümid edir: “Atam 1993-cü ildə Birinci Qarabağ müharibəsində itkin düşüb. Ondan bu günədək heç bir məlumat ala bilmirik. Dayandığımız yerdə kütləvi məzarlığın olması ehtimal edilir. Bundan əvvəl də ermənilər tərəfindən azərbaycanlıların kütləvi basdırıldığı ərazidə minatəmizləmə əməliyyatı aparmışıq. Lakin atama aid bir nişanə olmayıb. İndi Seyidəhmədli ərazisində kütləvi məzarlıq ehtimal olunan ərazidə minatəmizləmə işləri həyata keçiririk. Atama aid hər hansı nişana rast gələcəyimə ümid edirəm”.
ANAMA-nın söhbət etdiyimiz hər bir əməkdaşı torpaqlarımızın minalardan təmizlənməsində iştirak etdiklərindən qürur duyduqlarını bildirirlər. Onlardan biri – Müşfiq Namazov deyib: “44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi. İndi həmin ərazilər düşmənin basdırdığı minalardan və partlamamış hərbi sursatlardan təmizlənir. ANAMA-nın əməkdaşları olaraq bizim də öhdəmizə düşən vəzifə ərazilərin minalardan təmizlənməsini həyata keçirməkdir. Biz də Vətənə borcumuzu bu yolla yerinə yetiririk. Fəaliyyətimizlə, işimizlə qürur duyuruq”.