“Ürək ağrısı ilə qeyd edirəm ki, əsrlər boyu xalqımızın milli müstəqilliyi olmadığına görə, qeyri-maddi mənəvi sərvətlərimiz, əlyazmalarımız talanaraq digər ölkələrə aparılıb. Misal olaraq Füzulinin “Ərəb divanı” uzun 10 illiklər ərzində mütəxxəssilər tərəfindən axtarılsa da, son nəticədə Sankt-Peterburqda yerləşən kitabxanadan tapıldı”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Gövhər Baxşəliyeva parlamentin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, ölkəyə gələn işğalçıların istilası nəticəsində əlyazmalar kütləvi şəkildə başqa ölkələrə aparılıb: “Xarici ölkələrdə kütləvi şəkildə Azərbaycana məxsus əlyazmalar var. Düşünürəm ki, bu işlə məqsədyönlü şəkildə məşğul olunmalı, dünya kitabxanalarında mövcud olan əlyazmalarımızı ölkəmizə gətirməliyik”.