Daşların yaddaşı möhkəmdir, uzunömürlüdür və bəzi insanların yaddaşından fərqli olaraq tarixin bütün mərhələlərində baş vermiş hadisələrin hamısını öz varlığında qoruyub saxlama potensialına malikdir. Daşların dili nə qədər səssiz və lal kimi görünsə də, hiss edilsə də, əslində onun ürəyi bir o qədər dolu və zəngindir. Bəzən abidənin xarici görkəmi o qədər də kübar görünməyə bilər, lakin onun daxili dünyası, əsrlərdən bəri axıb gələn mənəvi, mədəni ruhu əsilzadələrin yaşam tərzinə bərabərdir.
Hər birimiz Gəncə şəhərinin Əhməd Cəmil küçəsində, Gəncə çayının sağ sahilində yerləşən Kukla Tetrının önündən və ya yaxınlığından ən azı həftədə bir dəfə və ya gün ərzində bir neçə dəfə ötüb keçirik. Ancaq çox az insan bu binanı bütün mövcudluğu ilə izləyib gözdən keçirib təhlil edir. Düşünə bilərsiz ki, bu nəyə lazımdır və ya mənə nə verə bilər? Maddi olaraq Alman Lüteran kilsəsi və ya indiki adı ilə Gəncə Dövlət Kukla Teatrı sizə heç bir şey ərmağan edə bilməz. Ancaq onun sinəsində daşıdığı mənəvi xəzinə sizin ruhunuzu bir anda zənginləşdirə, bütövləşdirə bilər.
Binanın xəyali açarı əslində çox asan bir yerdədir. Həmin açarı tapmaq üçün bir qədər diqqətli olub baxmaq yox, sadəcə görmək lazımdır. Gəncə Dövlət Kukla Teatrının binası sadəcə filan qədər enə və uzunluğa, filan qədər hündürlüyə sahib olan, tarixin hansısa dövründə tikilib istifadəyə verilən bəsit, sıradan bir bina deyil. Onun hər qarışında, hər daşında bir tarix yatır. İndi nə qədər sakit görünsə də, inşa edildiyi vaxtdan, yəni 1885-ci ildən bu yana alman mədəniyyətini, Azərbaycan-türk sivilizasiyasını, rus müstəmləkəçilik ab-havasını, Sovet şura sisteminin ruhunu ciyərlərinə qədər hiss edən bu maddi-mədəniyyət nümunəsi indi dini deyil, mədəni rifaha xidmət edir. Bu binanın tarixi keçmişinə nəzər salsaq, bir sıra həqiqətlərin, qəlibləşmiş tarixi faktların şahidi olarıq. XIX əsrin 20-ci illərində Rusiya-İran, ardınca baş vermiş Rusiya-Türkiyə müharibəsindən sonra Gəncə vilayətinə almanların köçürülməsi prosesi başlanır. Gəncəyə gətirilən almanların bir qrupuna Gəncəbasarda ən məhsuldar yer sayılan, vaxtilə Cavad xana məxsus, 1813-cü ildə müsadirə edilmiş 4498 desyatin torpaq sahəsi verilir. Gəncədə yaşayan almanlar 1941-ci ilin avqustuna kimi bu ərazidə yaşayırlar. 1897-ci ilin məlumatına görə, Gəncə qəzasında 3086, şəhərdə isə 103 nəfər alman yaşayırdı. Təbii ki, uzun müddət Gəncədə yaşayan almanlar burada öz dini ibadət ocaqlarını inşa etməli idilər ki, budur həmin dövrün canlı şahidi olan bina bu gün də dimdik ayaqda qürurla dayanıb. Qeyd edək ki, 1915-ci ildə almanlar Gəncə şəhərindən köçən zaman bina provoslavların istifadəsinə verilib. Əvvəldə qeyd etdiyimiz kimi, sinəsində tarix yatan bu bina qırmızı kərpic donunda, bir qədər zərif ab-havası və amiranə duruşu ilə sanki bugünkü çiçəklənin Gəncənin mövcudluğunda onun da varlığının dərk olunmasını hər dəfəsində xatırladır. Binanın açıq və qapalı pəncərələri, xüsusi işləmələr, qotik və eklektik özəlliklər, girinti və çıxıntılar, ağır oturuşa sahib bir ab-hava bu maddi-mədəniyyət nümunəsini daha heybətli, daha ciddi, daha təmtəraqlı göstərir. Tikintisində, əsasən, tuf daşından istifadə olunan bina bu gün Gəncə Dövlət Kulla Tearının bir sıra tamaşalarının səhnəyə qoyulduğu məkana çevrilib. Kuklaların mənəvi-psixoloji anlarının aktyorlar tərəfindən canlandırılması bu mədəniyyət ocağının vacibliyini bir daha göz önünə gətirir. Uşaqların, ümumiyyətlə, azyaşlılarının düşüncə tərzinin formalaşmasında, həyata baxış modelinin yaranmasında buranın çox böyük əhəmiyyəti var.
Məlumat üçün bildirək ki, Gəncə Dövlət Kukla Teatrı Azərbaycan SSR Nazirlər Sovetinin 18 sentyabr 1986-cı il tarixli 299 saylı əmrinə əsasən yaradılıb. Bu müddət ərzində teatrda kifayət qədər tamaşa hazırlanıb. Teatrda ildə 250-yə yaxın tamaşa oynanılır. Hər il proqnoz üzrə 4 tamaşa hazırlanır. Repertuarda Azərbaycan yazıçıları ilə bərabər dünya xalqlarının əsərlərinə də üstünlük verilir. Son olaraq, xüsusi vurğulamaq istərdim ki, əgər bu binanın yaxınlığından keçirsinizsə və əgər tələsmirsizsə, vaxtınız varsa, yönəlib onu bir də nəzərdən keçirin.
Hissə-hissə izləyin, incələyin, detalların fərqinə varmağa çalışın. Bundan gözəl mədəni istirahət ola bilməz. Bu sizin ruhunuzu xeyli dincəldəcək. Nəzərə alsaq ki, intensiv həyatımız bəzən bu kimi mədəni yönəlmələrdən bizi məhrum edir, ancaq vaxt tapıb Alman Lüteran Kilsəsini, indiki Gəncə Dövlət Kukla Tearını bir də gözdən keçirmək sizin üçün çox faydalı olacaq.