Gəncə şəhərində Türkiyə Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə Baş Konsulluğun təşkilatçılığı ilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə Baş konsul, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, müxtəlif idarə və təşkilatların rəhbərləri, digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib. Türkiyə Respublikasının banisi dahi Mustafa Kamal Atatürkün, Cümhuriyyətin yaradılması naminə aparılan mübarizədə canlarını fəda edən şəhidlərin xatirəsi yad edilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin 101-ci ildönümü münasibətilə təbriki səsləndirilib. R.T.Ərdoğan Türkiyə Respublikasının yaranma tarixindən və Azərbaycan-Türkiyə qardaşlığından bəhs edib. Vurğulanıb ki, 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib. İki il sonra – 1925-ci ildə bu günün türk dövlətinin yaranması günü kimi qeyd olunması barədə Qanun qəbul olunub. Türkiyənin Gəncədəki Baş konsulu Rəcəp Öztop jurnalistlərə açıqlamasında Türkiyə Cümhuriyyətinin bundan sonra da inkişaf edəcəyinə, habelə regionda və beynəlxalq müstəvidə təkrarı olmayan Azərbaycan-Türkiyə qardaşlığının əbədi olaraq yaşayacağına əminliyini ifadə edib. Azərbaycanın və Türkiyənin buna qədər olduğu kimi, bundan sonra da bir-birinin yanında olacağı vurğulanıb.