Azərbaycan Respublikası Gənclər İdman Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin media savadlılığının artırılması” layihəsinə start verilir.
“İRƏLİ” İctimai Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi gənclərin media sahəsində bilik və bacarıqlarını artırmaq, həmçinin rəqəmsal transformasiya dövründə kommunikasiya vasitələrindən düzgün və aktiv şəkildə istifadəni təbliğ etməkdir.
Beş gün müddətində düşərgə formatında həyata keçiriləcək layihə çərçivəsində ictimaiyyətlə əlaqələr və onun əsas prinsipləri, rəqəmsal marketinq və brendinq, kommunikasiya bacarıqları, sosial media və yeni trendlər, eləcə də digər mövzular üzrə təlim sessiyalarının həyata keçirilməsi planlaşdırılır.
Layihə müddətində, həmçinin bir sıra media nümayəndələri ilə görüş və digər maraqlı tədbirlərin təşkili nəzərdə tutulub.
Qeyd edək ki, Xaçmaz rayonunda baş tutacaq layihədə ilkin qeydiyyat və müsahibə mərhələlərini uğurla başa vurmuş 80 nəfər iştirak edəcək.
“Gənclərin media savadlılığının artırılması” layihəsində iştirak etmək istəyən 17-25 yaş aralığında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli qeydiyyatdan keçə bilərlər.