Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşdə Böyük Yeddilik (G7) ölkələrinin xarici işlər nazirləri danışıqların yekunlarına dair birgə bəyanat yayıblar.
“Report” TASS-a istinadən xəbər verir ki, bəyanatda Ukrayna ilə sərhəddə Rusiyanın hərbi varlığının təhdidedici artmasından ciddi şəkildə narahatlıq ifadə edilir.
Bəyanata görə, Rusiya silahlı qüvvələrinin səbəbsiz artırılması qlobal təhlükəsizliyə və dünya nizamına çağırışdır.
G7 Minsk razılaşmalarının tam şəkildə həyata keçirilməsi üçün Normand formatının səylərini dəstəkləyir.
“Ukraynanın şərqindəki münaqişənin davamlı siyasi həllinin yeganə yolu olan Minsk razılaşmalarının tam şəkildə həyata keçirilməsini təmin etmək üçün Normand prosesi çərçivəsində Almaniya və Fransanın səylərini yüksək qiymətləndirdiyimizi və davamlı dəstəyimizi vurğulayırıq”, – bəyanatda deyilir.
Yeddilik ölkələri Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiqliyini bir daha təsdiqləyir.