Gimnaziada: Azərbaycan qılıncoynadanı yarımfinala yüksəlib

Serbiyanın Nova Varoş şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında qılıncoynatma yarışlarının sablya növünə start verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçilərindən Gəray Məmmədli 1/4 finalda komanda yoldaşı Abdulmalik Nəsibzadəyə 15:10 hesabı qalib gəlib.

Bununla da yarımfinala yüksələn G. Məmmədli özü üçün ən azı bürünc medalı təmin edib.

Digər idmançımız Nəcəf Şabanlı isə 1/4 finalda iranlı rəqibi Mohammədmətin Şahidiyə məğlub olub – 9:15.

Qeyd edək ki, bu gün start götürən və 12-də başa çatacaq yarışda 56 ölkənin 2742 idmançısı mübarizə aparacaq. Azərbaycan 18 idman növündə – idman gimnastikası (Novi-Sad), kamandan oxatma, 3×3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tennis (Zlatibor), badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis (Ujiçe), taekvondo, karate (Pojeqa), cüdo, güləş (Luçani), qılıncoynatma (Nova-Varoş), atletika (Priboy) üzrə ümumilikdə 191 idmançı ilə təmsil olunacaq.

ƏvvəlkiTürkiyə – Azərbaycan – Gürcüstan parlamentləri arasında üçtərəfli əməkdaşlıq mexanizmi yaradılacaq