Dövlət Gömrük Komitəsinin Akademiyasında 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Akademiya rəhbərliyi, əməkdaşları və tələbələri, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, 20 Yanvar şahidi, “20 Yanvar” İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri Mübariz İsmayılov və “Könüllü gömrükçü” dəstəsinin üzvləri iştirak ediblər.
Akademiyadan Trend-ə verilən məlumata görə, tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra tədbirdə 20 Yanvar faciəsinə həsr edilmiş videoçarx nümayiş olunub.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tədbiri giriş sözü ilə açaraq, bu faciənin Azərbaycanın müstəqillik tarixində qan yaddaşı olmaqla yanaşı, həm də şərəf və qürur səhifəsi olduğunu qeyd edib. Q.Novruzov 33 il əvvəl Bakıda törədilən faciənin tarixindən söz açaraq 20 Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymətin də məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini bildirib. Natiq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində “Dəmir yumruq” əməliyyatı sayəsində torpaqlarımızın işğaldan azad olunması və üçrəngli bayrağımızın doğma Qarabağda dalğalanması ilə bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar hadisəsinin qurbanlarının qanlarının yerdə qalmadığı vurğulayıb.
Akademiya rəisi gənclərə Azərbaycan xalqının başına gələn faciələri, xalqımızın şanlı keçmişini daha dərindən öyrənməyi tövsiyə edərək gələcək nəsillərə də qəhrəmanlıq və zəfərlərlə dolu bir tarixin ötürülməsinin vacibliyini diqqətə çatdırıb. Çıxışının sonunda Qulu Novruzov ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canından keçən bütün şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyib.
Qanlı gecənin canlı şahidi kimi tədbirdə çıxış edən Mübariz İsmayılov o dövrdəki ictimai siyasi vəziyyətdən söz açaraq 20 Yanvar faciəsindən 33 il ötməsinə baxmayaraq, həmin o məşəqqətli günlərin hər birimizin yaddaşına əbədi həkk olunduğunu vurğulayıb. Faciə ilə bağlı öz acı xatirələrini tədbir iştirakçıları ilə bölüşən M. İsmayılov bu tarixi Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü kimi qeyd edib.
Daha sonra tədbirdə Akademiyanın tələbələri 20 Yanvar hadisəsinin baş vermə səbəbləri və nəticələri mövzularında çıxış edərək vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.