Gürcüstan ərazisində yağan güclü qar və çovğun ciddi problemlər yaradıb.
AZƏRTAC xəbər verir ki, güclü qar səbəbindən “Gürcüstan Dəmir Yolları” bir neçə istiqamətə qatar reyslərini təxirə salıb.
Bu gün və sabah Tbilisi-Ozurqeti, Batumi-Ozurgeti, Rioni-Kutaisi-Rioni istiqamətlərində qatarların hərəkəti dayandırılıb. Vətəndaşlara aldıqları biletin qiyməti tam qaytarılıb.
Bundan başqa, Gürcüstandan Rusiyaya gedən yeganə Yuxarı Lars yolu da bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.
Hazırda yolda 3000-ə yaxın yük və minik avtomobili dayanıb.
Digər beynəlxalq əhəmiyyətli magistrallarda da qoşqulu və yarımqoşqulu yük maşınlarının hərəkəti qadağan edilib.
Gürcüstan polisi və fövqəladə halların idarə olunması departamentinin əməkdaşları yolda qalan sürücülərə və sərnişinlərə lazımi yardım edirlər.
Ölkənin digər bölgələrində də problemlər yaranıb. Bəzi bölgələrə elektrik enerjisinin və təbii qazın verilməsi dayanıb.
Ölkənin müvafiq qurumları əlverişsiz hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edərək şəxsi avtomobillərlə səyahətə çıxmamağı, Qara dəniz sahillərinə yanaşmamağı xahiş edib.
Qara dənizdə 5-6 ballıq qasırğa barədə xəbərdarlıq olunub.