Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 31-də keçirilmiş parlament seçkilərinin nəticələrinə dair yekun protokol qəbul edib.
“Report”un yerli bürosu xəbər verir ki, sənədə əsasən, hakim Gürcü Arzusu Partiyası seçkilərdə 48,22 % səs toplayıb.
Partiya X çağırış parlamentində proporsional sistem üzrə 60, majoritar sistem üzrə isə 30 olmaqla ümumilikdə 90 yer əldə edib.
Müxalifət partiyalarının nümayəndələri protokolu imzalamaqdan imtina ediblər.
Yeni parlamentin ilk iclası dekabrın 20-dən gec olmayaraq keçirilməlidir. İclasın tarixini prezident təyin edəcək.
Qeyd edək ki, seçkilərdə iştirak edən müxalifət partiyaları nəticələri tanımayıb və deputat mandatlarından imtina ediblər.