Bu ilin yanvar-noyabr aylarında Gürcüstan və Azərbaycan arasında ümumi dəyəri 831,3 milyon ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Hesabat dövründə Azərbaycan Gürcüstanın ticarət dövriyyəsində 8,1% paya sahib olmaqla qonşu ölkənin ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya və Çindən sonra IV yeri tutub.
İllik müqayisədə iki ölkə arasında ticarət dövriyyəsinin həcmində 10,8% azalma qeydə alınıb.
İlk 11 ayda Gürcüstandan Azərbaycana ixracın həcmi ötən ilin eyni göstəricisinə nisbətdə 11,7% azalaraq 399,6 milyon ABŞ dollarına bərabər olub. Azərbaycan Gürcüstanın ümumi ixracında 13,2% payla qonşu ölkənin Çindən sonra II əsas ixrac tərəfdaşı olub.
Yanvar-noyabrda Gürcüstan Azərbaycandan 431,7 milyon ABŞ dolları dəyərində məhsul idxal edib. Bu, ötən ilin analoji dövrünə nisbətdə 11,3% azdır. Gürcüstanın ümumi idxalında Azərbaycan 6% payla qonşu ölkənin əsas idxal tərəfdaşları arasında Türkiyə, Rusiya, Çin və ABŞ-dan sonra V yerdə qərarlaşıb.