“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Samtsxe Cavaxeti bölgəsi üzrə informasiya mərkəzi məlumat yayıb.
Axalkalaki rayonundan olan 50-yə yaxın idmançı “Panermənistan oyunları”nın yalnız Ermənistanda keçiriləcək yarışlarına qatılacaqlar. Qondarma “Dağlıq Qarabağ Respublikası”nda təşkil olunacaq armrestlinq və şahmat üzrə yarışlarda iştirak edəcək 7 idmançı komanda heyətindən çıxarılıb.
Axalkalaki bələdiyyəsinin təhsil, mədəniyyət, idman və gənclərlə iş üzrə xidmətinin rəisi Valeri Stelmaşov bildirib ki, idmançılar yalnız Ermənistanda keçiriləcək yarışlarda iştirak edəcəklər: “Bəzi səbəblərə görə biz açılış mərasimində iştirak edə bilməyəcəyik”.
Qeyd edək ki, “Panermənistan oyunları”nın rəsmi açılış mərasimi avqustun 6-da Ermənistanın işğalı altında olan Xankəndi şəhərində keçiriləcək. Avqustun 17-dək davam edəcək yarışlar Ermənistanla yanaşı, Azərbaycanın işğal olunmuş ərazisində də təşkil olunacaq.