“Ötən il də Marneulidə milli azlıq nümayəndələrinin yüksək vəzifələrdə təmsilçiliyi minimal səviyyədə olub”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan ombudsmanı Nino Lomcarianın 2018-ci il üzrə insan haqları ilə bağlı parlamentə təqdim etdiyi hesabatında bildirilib.
Sənəddə qeyd olunub ki, 2014-cü ildə ölkədə aparılan son siyahıyaalmaya əsasən, Marneuli əhalisi 104 300 nəfər təşkil edib: “Bunların 83,77 faizini azərbaycanlılar, 8,58 faizini gürcülər, 6,99 faizini isə ermənilər təşkil edib. Bu fonda Marneuli bələdiyyəsinin meriyasında 8 xidmətdən birinin rəhbəri etnik azlıq nümayəndəsidir. Beş komissiya rəhbərlərinin yalnız biri, sakrebulo bürosunun 11 üzvünün də yalnız biri milli azlıqları təmsil edir”.
N.Lomcaria parlamentdə çıxışında deyib ki, milli azlıqların qərar qəbuletmə prosesində iştirakı üçün heç bir effektiv addım atılmayıb: “Bizim müşahidələrimiz və aldığımız müraciətlər göstərir ki, ölkədə etnik və irqi ayrı-seçkilik ciddi problem olaraq qalır”.
İnsan haqları üzrə müvəkkil vurğulayıb ki, milli azlıqların təhsili, dövlət dilinin tədrisi, onlara məxsus mədəni irsin qorunması ilə bağlı vacib məsələlər problemli olaraq qalmaqdadır.