Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Qardabani rayonunda iki yeni uşaq bağçası açılıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycandilli məktəbəqədər müəssisələr rayonun Kalinin və Candar kəndlərində istifadəyə verilib.
Açılış mərasimində Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, Qardabani rayonunun icra başçısı Ramaz Budaqaşvili, parlamentin deputatı Savalan Mirzəyev, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.
Kalinin kəndində bu günə qədər uşaq bağçası olmayıb. İkimərtəbəli yeni bağça 90 uşaq üçün nəzərdə tutulub. Hazırda müəssisədə 60 uşaq təlim-tərbiyə olunur. Bağçanın inşasına yerli büdcədən 375 min lari vəsait xərclənib.
Candar kəndində istifadəyə verilən yeni bağçada isə iki qrupda 60 uşaq təlim-tərbiyə olunacaq. Binada bundan öncə rayon icra hakimiyyətinin yerli nümayəndəliyi yerləşib. Tikili təmir-bərpa olunaraq bağçaya çevrilib.
Qardabani rayonunun icra başçısının müavini Dünyamalı Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Qaratəhlə və Ağtəhlə kəndləri üçün 300 yerlik bağçanın inşasının ilkin mərhələsi aparılır. Onun sözlərinə görə, məktəbəqədər müəssisənin inşasının bu ilin aprelinə qədər başa çatdırılması nəzərdə tutulub.
D.Hacıyev deyib ki, növbəti illərdə Qardabani rayonunun bütün kəndlərində uşaq bağçaları tikiləcək.
Qeyd edək ki, bu ilin aprelində Qardabani rayonunun Kosalı və Nəzərli kəndlərində yeni uşaq bağçaları istifadəyə verilib.