“Gürcüstanda qripə yoluxma hallarının artımı başlayıb”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin elmi rəhbəri Paata İmnadze bildirib.
O deyib ki, artıq qrip hallarının çoxalması ikinci həftədir davam edir:
“Hələlik yoluxma və xəstəxanaya yerləşdirilmə halları illik müqayisədə olduqca azdır”.
P.İmnadze ölkədə qripin üç alt növünün yayılmasının müşahidə edildiyini bildirib:
“Son həftənin göstəricilərinə əsasən, yoluxma hallarının 30%-i B, 10%-i H1N1, digər 10%-i isə H3N2 tipli viruslara aiddir. Yerdə qalan 50% isə qripə bənzər viruslardır və böyük əksəriyyətini rinoviruslar təşkil edir”.
Elmi rəhbərin sözlərinə görə, dekabrın sonuna qədər yoluxma hallarının artım dövrü davam edəcək: “B tipli vurusun hazırda ən çox yayılan olduğunu nəzərə alaraq, biz geniş yayılma və ağırlaşma hallarını gözləmirik”.
Qeyd edək ki, ötən ilin dekabr-yanvar aylarında Gürcüstandan “donuz qripi” adlandırılan H1N1 virusu geniş yayılmışdı. Bu virusdan ölənlərin sayı 22 nəfər olub.