Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə ön xətdə yerləşən “N” hərbi hissədə Qurban bayramı münasibətilə tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, müharibə veteranları, qazilər, şəhid ailələri, ictimaiyyət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də “Mangal Steakhouse” restoranlar şəbəkəsinin rəhbərliyi iştirak edib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edənlər şəxsi heyəti Qurban bayramı münasibətilə təbrik edib, Azərbaycan Ordusunun xalqımızın qürur mənbəyi, güvən yeri olduğunu bir daha diqqətə çatdıraraq, Ali Baş Komandanımızın rəhbərliyi ilə tezliklə işğaldan azad olunacaq torpaqlarımızda qurbanlar kəsilməsini arzulayıblar.
Əsgərlərə qələbə əzmi diləyən qonaqlar xalqın mənəvi dəstəyinin daim onlarla olduğunu bildirərək, hər zaman güclü dövlətimiz və qüdrətli ordumuzla fəxr etdiklərini vurğulayıblar. Otuza yaxın dünya şöhrətli aşpaz kəsilən qurban ətindən şəxsi heyət üçün milli mətbəximizin gözəl təamlarından hazırlayıblar.
Məşhur kulinarlar bayram süfrəsini hazırladıqdan sonra ordu aşpazlarına ustad dərsləri verib və hərbi hissənin kitabxanasına kulinariya kitabları da hədiyyə ediblər.
Şəxsi heyət üçün hazırlanmış bayram süfrəsində birlikdə nahar edildikdən sonra hərbi hissənin rəhbərliyi adından tədbirin yüksək səviyyədə təşkilinə görə peşəkar aşpazlara fəxri fərmanlar təqdim olunub.