Müvafiq qrafikə uyğun olaraq, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin iyun ayı üzrə pensiyalarının maliyyələşdirilməsi artıq yekunlaşıb. Vəsait bu gün onların pensiya hesablarına köçürüləcək.
Bunu Report-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat xidmətinin rəhbəri Fazil Talıbov deyib.
O bildirib ki, ölkədə pensiyaların maliyyələşdirilməsi üçün qrafik mövcuddur və hər ay olduğu kimi, bu ay da həmin qrafik üzrə işlər normal qaydada yerinə yetirilib:
“Belə ki, ayın 11-dək Naxçıvan Muxtar Respublikası, ayın 13-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, ayın 16-dək əhalisi məcburi köçkün olan rayonlar, ayın 18-dək respublika tabeli şəhərlər, ayın 24-dək digər rayonlar üzrə pensiya ödənişi təmin edilib. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin də pensiyaları qrafik əsasında hər ayın 29-dək ödənilir və iyun ayında da bu sahədə heç bir gecikmə özünü göstərmir”.
F.Talıbov vurğulayıb ki, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatının yaxşılaşdırılması istiqamətində mühüm işlər aparılıb: “Hazırda bu kateqoriyalardan olan şəxslərə ödənilən aylıq pensiyaların məbləği 520 manata yaxındır. Prezident İlham Əliyevin 25 iyun 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” onların pensiyalarının növbəti dəfə artırılmasına imkan verir. Hazırda “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan (1 iyul 2017-ci il tarixədək əmək pensiyası təyin olunmuş) şəxslərin, o cümlədən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləğinin yenidən hesablanaraq artırılması işləri aparılır. Artımlar qeyd olunan şəxslərə iyul ayının pensiyaları ilə birgə toplam halda ödəniləcək”.