Aprelin 19-da Hacıqabul Sənaye Məhəlləsində “Azərmaş” ASC-nin “Qartal” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə avtobus və yük avtomobilləri istehsalı zavodunun təməli qoyulub.
AZƏRTAC xəbər verir ki, tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev, İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmaninin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər.
Məlumat verilib ki, zavodda birinci mərhələdə 500 ədəd müxtəlif tutumlu avtobus, ikinci mərhələdə 1000 ədəd avtobus və yük avtomobili istehsal ediləcək. Birinci mərhələdə 100, ikinci mərhələdə isə 200 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Layihənin ümumi dəyəri 10 milyon avrodur. Birinci mərhələdə 6 milyon avro, ikinci mərhələ üzrə isə 4 milyon avro yatırılması planlaşdırılır. Zavodun tikintisi Hacıqabul Sənaye Məhəlləsində 5 hektar ərazidə həyata keçiriləcək. Müəssisədə Avropa İttifaqı ölkələrinin istehsalı olan avadanlıqlar quraşdırılacaq. Sənaye Məhəlləsində avtobus və yük avtomobilləri istehsalı zavodunun yaradılması köməkçi sənaye istehsalı və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradacaq.
Tədbir iştirakçıları Hacıqabul Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılmış şəraitlə tanış olublar. İştirakçılara məlumat verilib ki, Hacıqabul Sənaye Məhəlləsində dövlət tərəfindən sahibkarlar üçün bütün zəruri infrastruktur yaradılıb. 20 hektar ərazidə yaradılmış Sənaye Məhəlləsi 10 min kvadratmetr olan 4 istehsal təyinatlı binadan, 937 kvadratmetr olan inzibati və texniki binalardan ibarətdir. Hacıqabul Sənaye Məhəlləsinin inzibati binası toplantı və təlimlərin keçirilməsi üçün iclas otağı, məhəllənin iştirakçılarına müxtəlif xidmətlər göstərəcək müasir ofis sahələri, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və Sənaye Məhəlləsinin idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan sahələrdən ibarətdir. Sənaye Məhəlləsində sahibkarlara mühasibatlıq, hüquq, bank və sığorta, poçt və internet, logistika, tibbi xidmətlər göstəriləcək. Sənaye Məhəlləsində ümumi dəyəri 60 milyon manatdan çox olan layihələr üzrə maşınqayırma, kompozit materialları, avtomobil, tikinti materiallarının istehsalı üçün avadanlıqlar, gübrə, plastik qablar, tikinti materialları istehsalında istifadə olunan avadanlıqların istehsalı sahələri yaradılıb. Bu layihələr çərçivəsində 900-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda istehsal sahələrində avadanlıqların yerləşdirilməsi və istehsala hazırlıq işləri aparılır.
Sonra Hacıqabul Sənaye Məhəlləsində Azərbaycan və İran nümayəndə heyətləri arasında işgüzar görüş keçirilib. İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın genişlənməsində Azərbaycan və İran prezidentlərinin siyasi iradəsini, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb.
Nazir qeyd edib ki, ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığı uğurla inkişaf edir. İki ölkə arasında ticarət dövriyyəsi ötən il 74 faiz, cari ilin ilk 2 ayında isə 4,5 dəfə artıb. Azərbaycan və İran birgə layihələri çərçivəsində Neftçala Sənaye Məhəlləsində avtomobil istehsal edilir, Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodu tikiləcək.
Ş.Mustafayev iqtisadi sahədə əlaqələrin inkişafı üçün böyük potensialı qeyd edərək bu gün təməli qoyulan avtobus və yük avtomobilləri zavodunun növbəti uğurlu birgə layihə olacağına əminliyini vurğulayıb.
İqtisadi əlaqələrin inkişafında sənayenin mühüm rol oynadığını bildirən nazir sənaye sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının tərkibində sənaye üzrə işçi qrupunun yaradılmasının mümkünlüyünü bildirib.
İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmani dost və qonşu ölkələr olan İran və Azərbaycanın dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən intensiv görüşlərinin və imzalanmış sənədlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafında mühüm əhəmiyyətini vurğulayıb.
İqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bölüşən İranın sənaye, mədən və ticarət naziri Hacıqabul Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılmış əlverişli imkanlardan məmnunluğunu ifadə edib.
Qeyd edilib ki, iki ölkə arasında sənaye, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də ticarət dövriyyəsinin artırılması üçün böyük imkanlar var.
İşgüzar görüşdə iqtisadi-ticarət, nəqliyyat-tranzit, sənaye, kənd təsərrüfatı və sair sahələrdə əməkdaşlığın inkişafı, birgə müəssisələrin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində “Azərmaş” ASC ilə İranın “Maral Trailer” arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənəddə “Maral Trailer” şirkəti tərəfindən ilkin mərhələdə distribüter olaraq 1 il ərzində 500 ədəd müxtəlif qoşquların Azərbaycanda satışının təşkili, sonrakı mərhələdə isə bu cür qoşquların Azərbaycanda istehsalı nəzərdə tutulur.