Haitinin Kap-Aityen şəhərində yanacaq dolu avtomobil sisterninin partlaması nəticəsində ən azı 50 nəfər həlak olub.
AZƏRTAC France-Presse agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində, həmçinin 47 nəfər ağır dərəcəli xəsarətlər alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Hazırda mütəxəssislər həlak olanların və xəsarət alanların axtarışını davam etdirir.
Şahidlərin sözlərinə görə, yanacaq daşıyan maşının sürücüsü motosikletlə toqquşmadan yayınmağa çalışarkən qəzaya uğrayıb. Yerli əhali bundan istifadə edərək avtomobillərinin çənini yerə dağılan yanacaqla dolduran zaman partlayış baş verib. Yanğının söndürülməsinə bir neçə saat vaxt lazım gəlib.
Faciə ilə əlaqədar bütün ölkə ərazisində üç günlük matəm elan olunub.