Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı ilə ayrılmış əlavə hakim ştatlarının yüksək biliyə və mənəvi keyfiyyətlərə malik gənc hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə imtahanların keçirilməsi davam etdirilir.
Məhkəmə-Hüquq Şurasından AZƏRTAC-a verilən məlumata görə, namizədlərin seçimində çevikliyin təmin edilməsi, habelə onların imtahanlara hazırlaşmalarına şəraitin yaradılması məqsədilə müsabiqənin ilkin mərhələsi olan test imtahanı bu il mayın 5-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək.
İmtahanın keçirilməsi vaxtı, yeri, qaydası, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması və digər aidiyyəti məsələlər barədə məlumatlar www.jlc.gov.az saytında mütəmadi dərc ediləcək.
Qeyd edək ki, müsabiqənin bütün mərhələlərini uğurla başa vurmuş 155 nəfər hakimliyə namizəd Prezidentin sərəncamları ilə müxtəlif birinci instansiya məhkəmələrinə hakim təyin edilib, 245 namizəd isə hazırda seçimin digər mərhələlərindədir.
Hazırda növbəti imtahan üçün sənəd qəbulu davam edir.