Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 13-dən kimya, fizika, biologiya, coğrafiya, tarix, ingilis dili və rus dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları (yeni qruplar üçün) təşkil edəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, hazırlıq kurslarında müəllimlər, metodistlər və pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak edə bilərlər.
Qeydiyyat aprelin 27-də başlayıb və oktyabrın 10-u saat 23:59-dək davam edəcək.
Hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 (yüz) manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet” yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra “hazırlıq kurslarında iştirak etmək üçün elektron qeydiyyat”dan keçmək lazımdır.
Pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsilalan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsilalan magistrlər üçün hazırlıq kurslarında ilk iştirak ödənişsizdir.
Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil edilir, onlara sertifikat verilir. Onlar müqavilə əsasında ekspert və ya marker kimi Mərkəzlə əməkdaşlığa cəlb olunaсaqlar.