Özünü demokratik adlandıran Ermənistanın indiki hakimiyyəti, ilk növbədə, faşist cəlladlarına ucaldılmış heykəlləri sökməlidir.
Bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Xarici İşlər Nazirliyinin açıqlaması ilə əlaqədar AZƏRTAC-a şərhində bildirib.
Hikmət Hacıyev deyib: “Birinci dəfə deyil ki, MDB dövlətlərinin II Dünya müharibəsi veteranları icması faşist cəlladı Qaregin Njdeyə abidə ucaldılması məsələsini qaldırıb. Bir neçə il əvvəl Azərbaycan veteranları MDB ölkələrindən olan veteranlara faşist generalı Qaregin Njdenin şərəfinə Yerevanda abidə qoyulması ilə bağlı məktub ünvanlamışdı.
Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 11-də Aşqabadda MDB-nin Zirvə görüşündəki məlum çıxışı MDB dövlət başçılarının diqqətini bu məsələyə cəlb etmək məqsədi daşıyırdı. Sevindirici haldır ki, Rusiyanın Armavir şəhərində erməni kilsəsi tərəfindən zəbt edilmiş ərazidə Qaregin Njdeyə qoyulmuş memorial lövhənin götürülməsi ilə əlaqədar qərar qəbul edilmişdir.
Njdenin faşist cəlladı olduğunu sübut edən kifayət qədər sənədlər var. Sovet İttifaqı tərəfindən 25 il müddətinə həbs edilmiş Qaregin Njdeyə bəraət verilməmişdir. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim etmişdir. Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim Respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”.
Qaregin Njdenin formalaşdırdığı irqçi təmayüllü şovinist təlimi Ermənistanın sabiq hakim Respublikaçılar partiyasının ideoloji əsasını təşkil edir. Faşizmdən və irqçi “Ari” ideologiyasından qaynaqlanan bu təlim “Tseğakron” (millətçi, dini və bütpərəst mistizminin irqçi birləşməsi) və ya “Njdeizm” adlanır. “Njdeizm” adı altında bu irqçi ideologiya Ermənistanda orta və ali məktəb proqramına daxil edilib və gənc nəsil hələ də bu ruhda tərbiyə edilir.
Digər faşist cəlladı və “Dro” ləqəbi ilə tanınan Drastamat Kanayanın rəhbərliyi altında erməni legionu faşist ordusunun tərkibində Krımda və Qafqazda əməliyyatlarda iştirak etmişdir. Drastamat Kanayanın da şərəfinə Ermənistanda abidələr ucaldılmışdır. Ermənistan Müdafiə Nazirliyinin Milli Strateji Araşdırmalar İnstitutu faşist cəlladı Kanayanın adını daşıyır. Həmçinin Ermənistan Müdafiə Nazirliyi Kanayanın şərəfinə medal buraxmışdır.
Özünü demokratik adlandıran Ermənistanın indiki hakimiyyəti Qaregin Njdeyə və ya Drastamat Kanayana ucaldılmış abidələri sökmür. İnanmırıq ki, Ermənistan hakimiyyətinin buna cəsarəti çatsın. Sovet dövründə və müstəqillik illərində Ermənistan hakimiyyətinin yalnız Azərbaycan xalqına məxsus tarixi torpaqlarda, indiki Ermənistan ərazisində Azərbaycan xalqına aid tarixi abidələri dağıtmağa cəsarəti çatmışdır.
Orta əsr Azərbaycan şəhərlərindən olan İrəvandakı (hazırda Yerevan) Dəmirbulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdirilməsi məqsədilə “yenidən təmir edilib”. Dağıdılmış memarlıq abidələri arasında XVIII əsrin ikinci yarısında Qara Seyid tərəfindən İrəvanda tikilmiş Hacı Novruzəli bəy məscidi və “Sərdar sarayı” və ya “Xan sarayı” saraylar kompleksi də vardır. İrəvanın Sərdar məscidi də sistemli dağıntıya məruz qalmış və 2014-cü ildə tamamilə dağıdılmışdır. Ermənistan ictimaiyyəti niyə sual vermir ki, Yerevanda bir dənə də olsun tarixi abidə yoxdur. Çünki bu abidələr məhv edilmişdir və bütün bunlar danılmaz faktlardır.
Həmçinin Ermənistanda olan, Azərbaycan xalqına məxsus qədim və yeni dövr qəbiristanlıqlar məhv edilib. Aşıq Ələsgərin tarixi Azərbaycan torpağı olan Göyçə mahalındakı qəbri də onların sırasındadır. Ermənistan ərazisində olan tarixi Azərbaycan toponimlərinin adları dəyişdirilib və erməni adları ilə əvəz edilib. Ermənistandakı şəhərlərin və yaşayış məskənlərinin tarixi adları qaytarılmalıdır.
Ermənistan tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonu, Ermənistanla sərhəddə yerləşən Qazax rayonunun yeddi kəndi və Naxçıvanın Kərki kəndinin müvəqqəti işğalı nəticəsində 738 tarixi abidə, 83 min 500-dən çox eksponata malik 28 muzey, 4 şəkil qalereyası, 14 xatirə kompleksi və 1107 mədəniyyət müəssisəsi daxil olmaqla, 1891 maddi-mədəniyyət abidəsi və məscidlər talan edilib və vandalizmə məruz qalıb.
1992-ci il mayın 8-də Azərbaycanın mədəniyyət mərkəzlərindən olan Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Hərbi əməliyyatların dərhal ardınca Şuşa şəhərində mədrəsələri ilə birgə Yuxarı və Aşağı Gövhərağa məscidi, Vaqif Mavzoleyi, Natəvanın evi, karvansaray kimi arxeoloji abidələr dağıdılıb, yandırılıb və talan edilib.
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş bütün əraziləri işğaldan azad ediləcək, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini təmin edəcək və tarixi ədalət bərpa olunacaq.
Prezident İlham Əliyevin MDB dövlət başçılarının Zirvə görüşündə qeyd etdiyi kimi, özünü demokratik seçilmiş təqdim edən yeni Ermənistan hakimiyyəti, ilk növbədə, özünü bu ləkədən, bu rüsvayçılıqdan təmizləməli və faşist cəlladlarına ucaldılmış heykəlləri sökməlidir”.