Azərbaycanın Hindistandakı səfirliyi 28 May – Müstəqillik Günü və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Dehlidə rəsmi qəbul təşkil edib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, qəbulda Hindistan hökumətinin nümayəndələri, parlamentin deputatları, diplomatlar, işgüzar dairələrin, ictimaiyyətin və medianın nümayəndələri iştirak ediblər.
Dövlət himnləri səsləndirildikdən sonra səfir Əşrəf Şıxəliyev müsəlman Şərqinin ilk demokratik dünyəvi dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki rolundan danışıb.
Ölkəmizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin qeyd edildiyini və 2023-cü ilin “Heydər Əliyev İli” elan olunduğunu diqqətə çatdıran diplomat, müasir Azərbaycanın tarixinin, inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. O, məhz dahi siyasətçi Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanın sabitlik və inkişaf yolu ilə getməyə başladığını vurğulayıb. Səfir qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin enerji strategiyası sayəsində enerji resurslarının iqtisadiyyata töhfəsi, onların dünya bazarına çıxarılması, eyni zamanda, dünyada fəaliyyət göstərən ən böyük neft şirkətlərinin Azərbaycana cəlb olunması nəticəsində ölkənin dayanıqlı inkişafının təməli qoyulub.
Azərbaycan-Hindistan münasibətlərindən danışan səfir ölkələr arasında iqtisadi münasibətlərin inkişaf etdiyini, Azərbaycanda xeyli sayda Hindistan şirkətlərinin fəaliyyət göstərdiyini söyləyib. Pandemiyadan sonrakı dövrdə hindistanlı turistlərin ölkəmizə səfərlərinin kəskin surətdə artdığı və “Azərbaycan Hava Yolları”nın həyata keçirdiyi Bakı-Dehli birbaşa reysi nəticəsində qarşılıqlı səfərlərin daha da çoxalacağına ümidvar olduğunu qeyd edib. Bundan əlavə, Hindistan kino şirkətlərinin Azərbaycanda film çəkilişinə marağının artdığı məmnunluqla vurğulanıb.
Hindistan xarici işlər nazirinin müavini Sancay Verma azərbaycanlı həmkarı nazir müavini Elnur Məmmədov ilə cari ilin martında Dehlidə keçirilmiş görüşünü məmnunluqla xatırlayaraq, bu yaxınlarda Hindistanın Azərbaycana yeni səfirinin təyin olunduğunu deyib.
O, iki xalq arasında tarixən əlaqələrin mövcud olduğunu söyləyərək, Azərbaycanı Asiya və Avropa arasında yerləşən vacib ölkə kimi xarakterizə edib. İqtisadi əlaqələr haqqında danışan S.Verma ölkələrimiz arasında ticarət dövriyyəsinin 2022-ci ildə 2 milyard dollara çatdığını və bu göstərici ilə Hindistanın Azərbaycanın 5-ci ən böyük ticarət tərəfdaşı olduğunu, həmçinin Azərbaycanı ən çox ziyarət edən turistlər arasında hindistanlı turistlərin 4-cü yerdə qərarlaşdığını və bunun ölkə iqtisadiyyatının inkişafına, eləcə də qeyri-neft sektorunun böyüməsinə töhfə verdiyini diqqətə çatdırıb.
S.Verma Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı təbriklərini çatdıraraq, Hindistanla-Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb.
Tədbirdə Dehli şəhərindəki Şri Ram Bharatiya Kala Kendra İnstitutunda klassik hind rəqsi üzrə təhsil alan həmvətənlərimiz Türkan Sadıqzadə və Günay Bəndəliyeva Azərbaycanın milli rəqslərini ifa ediblər.
Tədbirin keçirildiyi binanın foyesində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar fotosərgi təşkil olunub, xalqımızın mədəniyyətini, Azərbaycanın tarixini, turizm potensialını və milli mətbəximizi əks etdirən filmlər nümayiş etdirilib.