Sakit okean regionunda bu il dördüncü tropik qasırğa olan “Talim” Honkonqa və Tayvana yaxınlaşır.
AZƏRTAC xəbər verir ki, bu barədə Honkonq Meteoroloji Rəsədxanası məlumat yayıb.
Qasırğa Cənubi Çin dənizində yaranıb. Honkonqdan və Tayvandan 500 kilometr məsafədə olan “Talim” şimal-qərb istiqamətində hərəkət edir.
Sinoptiklərin proqnozlarına görə, qasırğa bu ərazilərə leysan və tufan gətirəcək, daha sonra Çinin cənubundakı Haynan və Quanqdonq əyalətlərinə doğru yönələcək.
Honkonqda güclü yağışlar şənbə günü gecə başlayıb. Şəhər hakimiyyəti tufan xəbərdarlığı edib.
“Talim” saatda 14 kilometr sürətlə hərəkət edir. Tufanın mərkəzində küləyin sürəti saniyədə 28 metrə çatır.