Azərbaycan Prezidenti İlham Əliyev nitqlərində idarəetmə sistemində xoşagəlməz halların aradan qaldırılması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçiriləcəyini dəfələrlə vurğulayıb, struktur islahatlarının mütəmadi davam etdirilməsi ilə bağlı fikirlərini diqqətə çatdırıb.
Hazırda ölkəmizdə struktur islahatları “yaxşı idarəetmə” və “açıq hökumət” prinsiplərinə uyğun şəkildə dövlət idarəetməsinin dünya standartlarına əsasən həyata keçirilir. Amma bu zaman xüsusi əhəmiyyət verilən məqamlardan biri işçilərin mənafeyinin, başqa sözlə, işlə təminatının diqqət mərkəzində saxlanılması, onlara diqqət və qayğı göstərilməsi ilə bağlıdır.
Cənab İlham Əliyev yanvarın 24-də Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışında Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşü zamanı da məsələyə bir daha münasibət bildirib: “Hazırda Kənd Təsərrüfatı Nazirliyində və digər dövlət qurumlarında struktur islahatları aparılır. Bu islahatların bir məqsədi var ki, biz işimizi daha yüksək səviyyədə quraq.
Onu da bildirməliyəm ki, ixtisar olunan strukturlarda çalışan vətəndaşlar işlə təmin olunacaqlar. Kənd təsərrüfatında heç bir ixtisar gözlənilmir və digər strukturlara da tapşırılıb ki, islahatlar ixtisarlara gətirib çıxarmasın. Yəni, o müəssisələrdə, o xidmətlərdə, agentliklərdə çalışan vətəndaşlar bilsinlər ki, onların məşğulluğu daim diqqət mərkəzindədir”.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə “Azərenerji” ASC-yə göstəriş verməsi də respublikamızda struktur islahatları zamanı dövlət idarəetməsində çalışan vətəndaşlara göstərilən diqqət və qayğının parlaq ifadəsidir.
Qeyd edim ki, ölkəmizin Birinci vitse-prezidenti sözügedən müraciətə dərhal münasibət bildirməklə bürokratik əngəl mexanizmlərini operativ şəkildə dəf edib və insanların dövlətə, ölkə başçısına inamını daha da artırıb.
Yeri gəlmişkən, bildirim ki, Mehriban xanım Əliyeva fəaliyyətinin bütün mərhələlərində insanlara həssas münasibət bəsləyib. Çoxsaylı amnistiya təşəbbüsləri göstərib. Maddi və qeyri-maddi mədəni irsimizin dünya miqyasında təbliğinə xüsusi önəm verib. Mədəniyyətin və təhsilin inkişafına, valideyn himayəsindən məhrum olan uşaqlara və gənclərə, eləcə də qaçqın və məcburi köçkünlərə qayğı ilə yanaşıb.
Azər Verdiyev,
Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, politoloq