Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi və Assosiasiyanın Baş katibinin müşaviri Muhammed Caved Qaninin də iştirak etdiyi nümayəndə heyəti 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya və iriçaplı silahlardan ən çox atəşə məruz qalmış Tərtər rayonunda faktaraşdırıcı missiya həyata keçiriblər.
Bu barədə “Report”a Ombudsman Aparatından məlumat verilib.
Səfərin məqsədi Tərtər rayonunda araşdırmalar aparmaq, sübutlar toplamaq və əldə edilən nəticələr əsasında hesabat hazırlayaraq beynəlxalq təşkilatlara göndərməkdən ibarətdir.
Nümayəndə heyəti ağır artilleriya və raket hücumları nəticəsində çoxsaylı insan tələfatının baş verdiyi, eləcə də ciddi ziyan dəymiş mülki obyektlər, evlər, təhsil müəssisələri, uşaq bağçaları, dövlət orqanlarının inzibati binaları və digər sosial obyektlərdə monitorinq aparıb. Monitorinqlər zamanı Müvəkkil, təsisatın əməkdaşları və İƏT OA nümayəndə heyəti tərəfindən səfərin yekunu olaraq beynəlxalq təşkilatlara ünvanlanacaq hesabatın hazırlanması üçün zəruri məlumatlar və sübutlar toplanılıb.
Qeyd edək ki, Tərtərdə həyata keçirilən faktaraşdırıcı missiyadan sonra nümayəndə heyəti rəsmi səfər çərçivəsində apardıqları monitorinqin nəticələrinin dəyərləndirilməsi və müvafiq Bəyanatın qəbul edilməsi üçün Ombudsman Aparatında mətbuat konfransı keçirəcək. Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.