I və IV ixtisas qrupları üzrə qəbul imtahanı başa çatıb

I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı başa çatıb.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunub.

İmtahan prosesinin idarə edilməsi üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, imtahanın keçirildiyi binalarla müntəzəm şəkildə əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların müsabiqə nəticələri ləğv edilir və onlar ixtisas seçiminə buraxılmırlar.

İmtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) 53 abituriyent də iştirak edib. Onların rahat şəkildə imtahan vermələri üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin olunub. Hərəkət məhdudiyyətli abituriyentlərin binaya, zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) cavabları imtahandan dərhal sonra Mərkəzin saytına yerləşdirilib. İştirakçılar doğru cavab etalonları ilə buradan tanış ola bilərlər.

İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) isə DİM-in internet saytının “Xidmətlər” bölməsində > “E-xidmətlər” > “DİM-in nəşrlərinin elektron versiyalarının satışı” > “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

İyulun 15-dən etibarən DİM-də imtahan protokollarının və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin iki həftədən sonra elan olunması nəzərdə tutulur.

ƏvvəlkiPrezident İlham Əliyev: Azərbaycan-Monteneqro dostluq və əməkdaşlıq münasibətləri xoş ənənələrə malikdir
NövbətiPrezident İlham Əliyev: Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq