Biz Azərbaycanın yanındayıq. Azərbaycanın bütövlüyü və təhlükəsizliyi bizim bütövlüyümüz və təhlükəsizliyimizdir. Bu məsələdə zərrə qədər də tərəddüdümüz yoxdur. 1992-ci ildən bölgədə münaqişə mövcuddur və burada işğalçı tərəf Ermənistandır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın gündəlikdə olan məsələləri dəyərləndirərkən ifadə edib.
Azərbaycan ilə Türkiyənin hərbi təlimlər keçirəcəyini diqqətə çatdıran İbrahim Kalın deyib ki, bizim hərbi və təhlükəsizlik sahəsinə dair əməkdaşlıq müqaviləmiz var. Azərbaycana təhdid haradan gəlirsə-gəlsin, Türkiyə sonadək Azərbaycanın yanında olmaqda davam edəcək. Lakin bu, münaqişənin diplomatik yolla həllinə qapıların bağlanması kimi başa düşülməməlidir.
Prezident Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarına “Ermənistanla əlaqələrinizdən istifadə edərək gərginliyi azaldın” dediyini diqqətə çatdıran müşavir dövlət başçıları arasında baş tutan telefon danışığının münaqişənin siyasi yolla həllinə yönələn səy olduğunu vurğulayıb. Əminliklə bildirilib ki, Türkiyə və Rusiya dövlət başçılarının müzakirələri müsbət nəticələr verəcək.