Poliklinikalar bu gün əhaliyə hansı xidmətləri göstərirlərsə, icbari tibbi sığorta sistemi tətbiq edildikdə də həmin xidmətləri göstərəcəklər.
Bunu Trend-ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
Z.Əliyevin sözlərinə görə, icbari tibbi sığorta sistemi tətbiq edildikdə poliklinikalar da həmin sistemlə işləyəcəklər: “Poliklinikalar da sığorta sistemi ilə işləyəcəklər. Yəni hər hansı poliklinika və xəstəxana sistemdən kənarda qalmayacaq. Onların hamısı icbari tibbi sığorta sisteminə qoşulacaq”.
Xatırladaq ki, 2020-ci ildən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə (Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, habelə onun tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Əczaçılıq və Tibb Sənayesi Birliyi, tibb tədris müəssisələri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və onun Masallı rayon filialı, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, “Tibb” qəzeti, “Azərbaycan Tibb Jurnalı”, Azərbaycan Respublikası Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, “Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi” və “Azərtibbtəchizat” məhdud məsuliyyətli cəmiyyətləri, İnnovasiya və Təchizat Mərkəzi, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, Talassemiya Mərkəzi və Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti istisna olmaqla) nəzarəti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzdində yeni yaradılan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” həyata keçirəcək.