Siyəzən və Şabran rayonlarını əhatə edən layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihə çərçivəsində Şabran rayonunun Heydər Əliyev Mərkəzində dördüncü dəyirmi masa keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, bələdiyyə üzvləri və yerli sakinlər iştirak edib.
Tədbiri layihə rəhbəri Şaban Nəsirov açıb.
O, mövzu ilə bağlı tədbir iştirakçılarını məlumatlandıraraq, bildirib ki, obonentin ödədiyi vəsaitin əvəzinə keyfiyyətli xidmətlə təmin olunmaq hüququ var. Təəssüf ki, digər sahələrdə olduğu kimi, bu sahədə də işinin məsuliyyətini dərk etməyənlərin sayəsində korrupsiya halları baş verir. Bu cür halların baş verməsinin əsas səbəbi isə vətəndaşların – elektrik enerjisi, təbii qaz və su istehlakçılarının öz hüquqlarını tam bilməməsidir. Qeyri hökumət təşkilatlarının isə başlıca vəzifəsi vətəndaşları maarifləndirməkdir.
Layihə rəhbəri bildirib ki, bu məqsədlə də layihə çərçivəsində sorğu keçirilir. O, tədbir iştirakçılarına da paylanmış sorğu vərəqələrinin layihənin sonunda toplanaraq, təhlil ediləcəyini və kommunal xidmətlərlə bağlı bölgədə hansı problemlərin olduğuna dair nəticələr çıxarılacağını bildirib.
Şaban Nəsirov özünün “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuranın sədr müavini olduğunu bildirərək, burada da vətəndaşların müxtəlif xarakterli şikayətlərini qəbul etdiyini və onları müvafiq qurumun rəhbərliyinin diqqətinə çatdıraraq, onların həllinə çalışdığını deyib.
Sonra isə mövzu ilə bağlı çay süfrəsi arxasında müzakirələr aparılıb. Sonda Şaban Nəsirov tədbirin təşkil edilməsində göstərdiyi dəstəyə görə rayon icra hakimiyyətinə öz təşəkkürünə bildirib.