Bakıda böyük ekoloji tədbir – COP29-un keçirilməsi, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması bu il ətraf mühitin problemlərinə həssaslığı artırıb. Ölkədə ətraf mühit problemləri, onların həlli istiqamətində görülə biləcək işlər, həmçinin məktəblilərdə ətraf mühiti qorumaq istiqamətində vacib vərdişlərin formalaşdırılması Elm və Təhsil Nazirliyində keçirilən görüşün müzakirə mövzusu olub. Energetika Nazirliyinin İctimai Şurasının nümayəndələri – İctimai Şuranın sədri Şaban Nəsirov, sədr müavini Mehriban Abdullayeva və katibi Samir Həsənov ilə görüşə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova iştirak ediblər. Görüşə Coğrafiya İnstitutunun şöbə müdirləri Rza Mahmudov və Səid Səfərov da qatılıblar.
Ayla Həsənova-Məmmədova bildirib ki, dövlət orqanlarının, özəl sektorun, elmi müəssisə və təşkilatların, habelə ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının müvafiq milli “yaşıl artım” platformasının yaradılması, bu platforma vasitəsilə milli “yaşıl artım” forumunun təşkili imkanları araşdırılır. Bakıda COP29 tədbirinin keçirilməsi, ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması bir çox dövlət qurumları kimi ETN-in də qarşısında bir çox məqsəd və vəzifələr qoyub: “Məsələn, ETN-in uzunmüddətli işlərdə ətraf mühitin qorunması ilə bağlı məsələlərin kurikulumda yer alması uzunmüddətli hədəflərdəndir. Qısamüddətli hədəflər də var ki, bunlar da maarifləndirmə tədbirləridir. Bu məqsədlə ETN görüşlər keçirir, müsabiqələr təşkil edir”.
Tədbirlərdən danışarkən A.Həsənova oktyabr ayında keçiriləcək “STEAM Azərbaycan” festivalını da xatırladıb. Onun sözlərinə görə, “Yaşıl dünya naminə” həmrəylik ili çərçivəsində festival “Yaşıl SAF” adı altında təşkil ediləcək: “Festival çərçivəsində yarışlar və innovativ layihələr sərgisi yaşından asılı olmayaraq hər kəs üçün açıq olacaq”.
A.Həsənova qeyd edib ki, “COP29” ilə bağlı Elm və Təhsil Nazirliyinin təşəbbüsü və iştirakı ilə keçirilən görüş, konfrans, “dəyirmi masa” və s. kimi tədbirlər “Təhsil TV” və “Azərbaycan müəllimi” qəzetində də geniş işıqlandırılacaq.
Energetika Nazirliyi yanında İctimai Şuranın sədri Şaban Nəsirov öz fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib. “Fəaliyyətimizi bu istiqamətdə təşkil edən bir qurum kimi bu ilə biz də öz töhfəmizi verməyə çalışırıq”, – deyən Ş.Nəsirov ETN-lə uzunmüddətli əlaqələrin əsasını qoymaq istədiklərini deyib.