Oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirilib.
“Report” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, digər ölkələrin dövlət və hökumət başçılarını qarşıladı.
Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun texniki göstəriciləri, layihənin əhəmiyyəti barədə videoçarx nümayiş etdirildi.
Sonra çıxışlar oldu.
Layihə barədə danışan Bolqarıstanın müvəqqəti Hökumətinin rəhbəri Qılıb Donev bildirdi ki, interkonnektorun həyata keçirilməsi tərəfdaş ölkələr üçün mühüm əhəmiyyət kəsb edir. Bolqarıstan Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunu və Azərbaycandan təbii qaz təchizatının artırılması imkanlarını alqışlayır. Bu, “Repower Europe” planındakı şaxələndirmə hədəflərinə töhfə verəcək.
İnterkonnektorun Bolqarıstanda təbii qaz mənbələrinin real şaxələndirilməsini və enerji müstəqilliyini təmin edən ilk layihə olduğunu bildirən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) icraçı direktoru Teodora Georgiyeva dedi: “Mən, həmçinin Azərbaycandan olan tərəfdaşlarımızın və dostlarımızın dəstəyinin əhəmiyyətini vurğulamaq istərdim. Bu gün onlar Prezident İlham Əliyevin rəhbərliyi ilə burada yenidən yüksək səviyyədə təmsil olunublar. Azərbaycan qazının Bolqarıstana təchizatı layihənin əsasını və onun ehtiyatının 1/3-ni təşkil edir, bu həcmin artırılması potensialı var”.
Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) digər icraçı direktoru George Satlas da layihə barədə danışdı. Bildirdi ki, 5 il əvvəl bu layihənin reallaşmasına inananlar az olsa da, birgə səylər sayəsində o, bu gün artıq reallığa çevrilib.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen çıxışında dedi ki, IGB kimi layihələr qışda Avropanı qazla kifayət qədər təmin edəcək. Bu gün qaz kəmərinin işə salınması ilə Bolqarıstan və Cənub-Şərqi Avropa üçün yeni dövr başlayır.
Dövlətimizin başçısı mərasimdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
-Təqdimata görə çox sağ olun.
Hörmətli Bolqarıstan Prezidenti Radev.
Hörmətli Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen.
Hörmətli prezidentlər və Baş nazirlər.
Xanımlar və cənablar.
Əvvəlcə Bolqarıstan Prezidenti Radevə bu tarixi mərasimdə iştirak etmək üçün dəvətə görə təşəkkürümü bildirmək istəyirəm. Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacaq. Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsidir. Dünyada cari geosiyasi vəziyyət bunu bir daha sübuta yetirir. Təxminən iki ildir ki, Azərbaycan qazı Avropa bazarlarına çıxarılır və indi isə, o, Bolqarıstana daxil olur.
Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyur. Cənub Qaz Dəhlizi qazı istehlakçılara yeni marşrutla, o cümlədən yeni mənbədən nəql edir. Bu vaxta qədər yeganə mənbə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağı olmuşdur. Lakin Azərbaycanın bir neçə digər qaz yatağında hasilat bu yaxınlarda başlayacaq və təchizat həcmlərinin artırılmasına töhfə verəcəkdir.
Uzun illər Azərbaycan beynəlxalq bazarda və ilk növbədə, Avropa bazarında etibarlı neft təchizatçısı olub. İndi isə etibarlı qaz təchizatçısına çevrilir. Xanım Prezidentin bərpaolunan enerji barədə dedikləri ilə bağlı bildirmək istərdim ki, bu, həmçinin bizim iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzaladığımız Enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun bir hissəsidir. Beləliklə, əminəm ki, bu yaxınlarda Azərbaycan Avropa üçün etibarlı elektrik enerjisi təchizatçısına çevriləcəkdir. Külək enerjisi sahəsində təkcə Xəzər dənizində təsdiq edilmiş potensialımızın həcmi 157 qeqavatdır. Hazırda biz avropalı tərəfdaşlarımızla bu enerjinin Avropa qitəsinə çatdırılması barədə müzakirələr aparırıq.
Ötən il qaz ixracımız təxminən 19 milyard kubmetr təşkil etmişdir. Onun 8,2 milyard kubmetri Avropaya nəql olunmuşdur. Bu isə əvvəlki illə müqayisədə 40 faiz artım deməkdir. Bu il biz ixracımızı 22 milyard kubmetrə qədər artıracağıq və onun 11,5 milyard kubmetri Avropa istehlakçılarına çatdırılacaqdır. Artıq söylədiyim kimi, bu ilin iyul ayında biz xanım Prezident Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı Avropa Komissiyası ilə Anlaşma Memorandumu imzaladıq. Bu, çox əhatəli sənəddir, ona əsasən, 2027-ci ilə qədər biz təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırırıq və bunu etməyə tam potensialımız var.
Biz TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi ilə bağlı tərəfdaşlarımızla artıq məsləhətləşmələrə başlamışıq. Çünki bu, olmadan əlavə təchizatı təmin etmək çətin olacaq.
Sonda mən Bolqarıstan, Yunanıstan xalqlarını və hamımızı bu tarixi mərasim, belə bir mühüm layihənin tamamlanması münasibətilə təbrik etmək istərdim və Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoruna uzun və uğurlu fəaliyyət arzu edirəm.
Sağ olun.
Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istismara verilməsini təkcə layihədə iştirak edən tərəflər üçün deyil, həm də bütövlükdə Avropa üçün xüsusi hadisə kimi dəyərləndirən Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis dedi: “Prezident Əliyevin qeyd etdiyi kimi, bu kəmər vasitəsilə Azərbaycan qazı Bolqarıstana nəql olunacaq və əlbəttə ki, bu, regionda həyata keçirilən digər infrastruktur layihələri ilə birlikdə təbii qaz şəbəkəsinin inkişafına töhfə verəcək”.
Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke isə bildirdi ki, qaz təchizatının şaxələndirilməsi üçün bütün imkanlardan istifadə edilməlidir. Bu layihə də təchizatın yaxşılaşdırılmasına öz töhfəsini verəcək.
Serbiya Prezidenti Aleksandar Vuçiç çıxış edərək dedi: “Bolqarıstanlı və yunanıstanlı dostlarımızı bu interkonnektorun uğurla tamamlanması münasibətilə təbrik edirəm. Layihə Serbiya üçün də vacib əhəmiyyət kəsb edir. Deməliyəm ki, dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız. Mən Sizinlə əlaqə saxlamaq istəyirəm. Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb. Bu arada, bilmirəm o, nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim”.
Şimali Makedoniyanın Prezidenti Stevo Pendarovski də layihənin təkcə ev sahibləri üçün deyil, bütövlükdə Cənub-Şərqi Avropa üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirərək dedi: “Avropada ən çox arzuolunan şəxs – Azərbaycan Prezidenti barədə söz düşmüşkən, onun yeni nömrəsini bilmirik. Ola bilsin ki, o, telefon nömrəsini dəyişib.
Mərasimə yekun vuran Bolqarıstan Prezidenti Rumen Radev Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun artıq Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdiyini vurğuladı. Prezident dedi: “Nəhayət ki, 10 ildən çox bundan əvvəl Prezident Pırvanovla əldə edilən razılaşmaya sadiq qalan Prezident Əliyevin simasında özünü etibarlı tərəfdaş kimi sübut etmiş Azərbaycandan real qaz axını var. Dünən mən çox mühüm bir təklif aldım, faktiki olaraq 4 ölkənin – Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qaz nəqli şirkətləri və təchizatçıları tərəfindən, belə demək mümkündürsə, mənə səlahiyyət verilib. Onlar məndən Avropa Komissiyasının Prezidentinə birgə imzalanmış məktubu təqdim etməyi xahiş edirlər və iyulda Avropa Komissiyasının Prezidenti ilə Prezident Əliyev arasında imzalanmış Memorandumla paralel olaraq, Azərbaycandan nəql olunan qazın həcminin artırılmasını təklif edirlər”.
Sonda xatirə şəkli çəkdirildi.
Qeyd edək ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) ümumi uzunluğu 182 kilometrdir, Bolqarıstanın və Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir.
Layihə 2011-ci ildə Bolqarıstanda qeydiyyatdan keçmiş Bolqarıstan-Yunanıstan “ICGB AD” investisiya şirkəti tərəfindən Bolqarıstanın Enerji Holdinqi və Yunanıstanın “IGI Poseidon” şirkətinin səhmdarları ilə birlikdə reallaşdırılır və hər biri 50 faiz paya malikdir.
İnterkonnektorun ümumi dəyəri 240 milyon avrodan çoxdur. Avropa Komissiyası 2010-cu ildə texniki-iqtisadi əsaslandırmalar üçün 45 milyon avro qrant yardımı və Bolqarıstanın həyata keçirdiyi proqram çərçivəsində 35 milyon avro məbləğində daha bir ödəniş ayırıb. Avropa İnvestisiya Bankı isə 110 milyon avro kredit verib.
Xatırladaq ki, IGB Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq. Bu məqsədlə Bolqarıstanın “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Boru xəttinin illik ötürmə gücü 3 milyard kubmetr təşkil edəcək. Perspektivdə bu göstərici ildə 5 milyard kubmetrədək artırıla bilər. Beləliklə, Azərbaycan təbii qazı Bolqarıstanın tələbatının 25-30 faizini ödəyəcək.
Onu da qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin axırında Cənub Qaz Dəhlizinin sonuncu seqmentinin – TAP-ın işə düşməsi ilə başlayıb. Hazırda Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya Azərbaycan qazının alıcılarıdır. Göründüyü kimi, yeni çağırışlar qarşısında Azərbaycan qazına tələbat artır.