Noyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aşqabaddakı Müstəqillik Meydanında rəsmi qarşılanma mərasimi olub.
Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Azərbaycanın və Türkmənistanın dövlət himnləri səsləndi.
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan əsgərlərini salamladı.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Türkmənistanın dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Aşqabadda akkreditə olunmuş səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təqdim edildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.
Sonra prezidentlər rəsmi foto çəkdirdilər.