Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 fevral tarixli Sərəncamı əsasında, martın 8-də Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov tərəfindən Strasburqda, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin iştirakı ilə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın ölüm cəzasının bütün hallarda ləğvinə dair 13 nömrəli Protokolu imzalanıb.
Bu barədə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyindən “Report”a məlumat verilib.
Məlum olduğu kimi, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ilk əvvəl 1993-cü ildən etibarən Azərbaycan Respublikasında ölüm cəzasının icrasına moratorium tətbiq olunmuş və 1998-ci ildə isə milli qanunvericiliyimizdə ölüm cəzasının tətbiqi ləğv edilib.
Bununla belə, Azərbaycan Respublikasının tərəf çıxdığı Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın İkinci Fakültətiv Protokolu, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 nömrəli Protokolu müstəsna hal kimi müharibə dövründə törədilmiş müharibə cinayətlərinə görə ölüm cəzası tətbiq etmək imkanını saxlamışdır. Lakin Ulu Öndərin müəyyən etdiyi humanist siyasətə sadiq qalaraq, ölkəmiz heç vaxt ölüm cəzasının tətbiqi imkanından istifadə etmək niyyətində olmayıb.
Beləliklə, müvafiq ölkədaxili ratifikasiya prosesi yekunlaşdıqdan sonra 13 nömrəli Protokola qoşulmaqla, Azərbaycan Respublikası ölüm cəzasını tamamilə, o cümlədən müharibə dövründə və ya qaçılmaz müharibə təhlükəsi zamanı törədilmiş cinayətlərə görə qadağan etmək və eləcə də yaşamaq hüququnu ən yüksək səviyyədə təmin etmək iradəsini rəsmi şəkildə təsdiq etmiş olacaqdır.