Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin şeirlərinin indiyədək ölkəmizdə hazırlanmış bir sıra nəşrlərində böyük söz ustadının orijinal dilinə müəyyən dərəcədə müdaxilələr edilib, daha doğrusu, divandakı ayrı-ayrı sözlər ya müasirləşdirilib, ya da doğru-düzgün oxunmayıb.
Bunu Trend-ə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.
Akademikin sözlərinə görə, məhz buna görə də bütün müvafiq qurumlarda çalışan dilçi, ədəbiyyatçı mütəxəssisləri də bu vacib və əhəmiyyətli işə cəlb etməklə şairin əsərlərinin yeni akademik nəşrinin hazırlanmasına böyük ehtiyac var.
Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamını ölkəmizin mədəni həyatında çox əlamətdar və təqdirəlayiq hadisə sayan akademik qeyd edib ki, bu sərəncam ölkə Prezidentinin, Azərbaycan dövlətinin bədii sözə və ədəbiyyatımıza, incəsənət və mədəniyyətimizə verdiyi böyük dəyər və qayğının daha bir bariz nümunəsidir.
M.Nağısoylu əlavə edib ki, ümummilli lider Heydər Əliyev hələ ölkəmizə rəhbərliyinin birinci dönəmində (1969-1982) elm və mədəniyyətə, ədəbiyyat və incəsənətə, xüsusilə də xalqımızın mənəvi sərvəti olan ana dilimizə böyük diqqət və qayğı ilə yanaşaraq bu yöndə bir sıra məqsədyönlü tədbirləri həyata keçirib. Həmin tədbirlər sırasında məhz ulu öndərin təşəbbüsü ilə 1973-cü ildə böyük söz ustası İmadəddin Nəsiminin 600 illik yubileyinin YUNESKO-nun tədbirlər planına daxil edilməsi və ölkəmizdə böyük təntənə ilə qeyd olunması xüsusi yer tutur:
“Məlum olduğu kimi, həmin yubiley tədbirlərinin davamı olaraq 1979-cu ildə Bakının mərkəzində İmadəddin Nəsiminin möhtəşəm heykəli ucaldıldı, şair haqqında məşhur bədii film çəkildi, eləcə də böyük söz ustadının əsərləri doğma ana dilində, bəziləri isə bir sıra xarici dillərdə nəfis şəkildə nəşr olundu. Bundan əlavə böyük şairin əsərləri ədəbiyyatşünaslıq və dilçilik yönlərindən araşdırıldı, bir sıra sanballı tədqiqat əsərləri ortaya qoyuldu. Yeri gəlmişkən qeyd edək ki, böyük şairin 600 illik yubileyi çərçivəsində 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutuna İmadəddin Nəsiminin adı verildi”.
Alim bildirib ki, anadilli ədəbiyyatımızda fəlsəfi şeirin əsasını qoyan Nəsiminin ən böyük xidmətləri sırasında milli Azərbaycan ədəbi dilini daha da inkişaf etdirməsi və onu yeni-yeni söz və ifadələrlə zənginləşdirməsi mühüm yer tutur. Məhz bu amil respublikamızda dilçilik sahəsində fundamental araşdırmaların mərkəzi və aparıcı qurumu kimi tanınan Dilçilik İnstitutuna böyük Azərbaycan şairi Nəsiminin adının verilməsi məsələsində mühüm rol oynayıb.
M.Nağısoylu deyib ki, Ulu öndərin layiqli varisi, ümummilli liderin dövlət quruculuğu siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də ana dilimiz və elmimizin inkişafı ilə bağlı bir sıra mühüm sənədlərə imza atıb. Onların sırasında 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının yaxşılaşdırılması haqqında Sərəncamı və 2013-cü il 9 aprel Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” xüsusilə böyük əhəmiyyət daşıyır:
“Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev hələ 15 noyabr 2018-ci il tarixində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin ölkəmizdə yüksək səviyyədə qeyd olunması haqqında Sərəncam imzalayıb. Bədii söz sənətinin ən dəyərli incilərini ortaya qoyan, əsərlərində ümumbəşəri fikirləri yüksək poetik şəkildə ifadə edən mütəfəkkir şair İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatının nadir simalarından biridir. Məhz buna görə də Nəsiminin 650 illik yubileyinin qeyd olunması və Azərbaycanda 2019-cu ilin “Nəsimi ili” elan edilməsi olduqca təqdirəlayiq və əlamətdar bir hadisədir”.
Akademik deyib ki, 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan olunması və böyük şairin 650 illik yubileyinin yüksək səviyyədə qeyd olunması çərçivəsində qüdrətli söz ustadının adını daşıyan Dilçilik İnstitutunda da yaxın gələcəkdə bir sıra tədbirlərin görülməsi nəzərdə tutulur. Onlar sırasında birinci olaraq “Nəsiminin söz dünyası: poetik dili və ədəbi irsi” mövzusunda beynəlxalq konfransın keçirilməsini qeyd etmək lazımdır. AMEA Nizami adına Ədəbiyyat İnstitutu ilə birgə keçiriləcək bu mötəbər elmi toplantıya bir sıra xarici ölkə alimlərini dəvət etməyi də nəzərdə tuturuq ki, bu da bütövlükdə böyük şairimizin ölkə xaricində də tanıdılması və ədəbi irsinin araşdırılması baxımından böyük əhəmiyyət daşıyır: “Bundan əlavə Nəsiminin anadilli şeirlərinin mükəmməl sözlüyünü (həm elektron variantda, həm də kitab şəklində) hazırlamağı da yaxın gələcəkdə gerçəkləşdirməyi düşünürük. Onu da qeyd edək ki, İnstitutda bu əhəmiyyətli və vacib işə artıq başlanılıb.
Qarşıdakı tədbirlər sırasında həmçinin Nəsimi şeirinin dil və üslub xüsusiyyətlərinin geniş və hərtərəfli, sistemli və bütöv şəkildə araşdırılmasını özündə əhatə edən elmi toplu və monoqrafiyaların hazırlanmasını da qeyd etmək olar. Bundan əlavə Nəsimi divanını geniş elmi şərhlərlə nəşr etmək və bütövlükdə şairin yeni aşkara çıxarılan əlyazmalarını cəlb etməklə böyük söz ustasının anadilli əsərlərinin yeni elmi-tənqidi mətnini hazırlamaq da faydalı olardı. Bütün bu tədbirlərlə yanaşı düşünürük ki, AMEA İmadəddin Nəsimi adına Dilçilik İnstitutunda bu elmi qurumun bazası əsasında ayrıca bir Nəsimişünaslıq şöbəsinin yaradılması da məqsədəuyğun olardı”.