Şəkidə davam edən “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 4-də axşam musiqisevərlərə Çin Xalq Respublikasının Lianşan-İy Muxtar Vilayətinin ansamblının konserti təqdim olunub.
“Yuxarı Karvansaray” mehmanxana-kompleksində keçirilən konserti festivalın təşkilatçı qurumlarının rəhbərləri, Lianşan-İy Muxtar Vilayətindən gəlmiş qonaqlar və şəkili musiqisevərlər izləyiblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertin əvvəlində məlumat verilib ki, Çin Xalq Respublikasının Lianşan-İy Muxtar Vilayətinin ansamblı 1956-cı ildə yaradılıb. Ansambl ərazinin İy millətindən olan əhalisinin ilk peşəkar ədəbi-bədii kollektividir. Yarandığı gündən ansambl görkəmli bəstəkarlar, rəqqaslar, müğənnilər, ifaçılar, eləcə də tanınmış ssenaristlər və rejissorlardan ibarət böyük bir sənətçilər ordusu yetişdirib. Ansamblın təqdim etdiyi 100-dən çox tamaşa beynəlxalq, milli və əyalət mükafatlarına layiq görülüb. Lianşan-İy Muxtar Vilayətinin ansamblı beynəlxalq mədəniyyət və incəsənət mübadiləsi məqsədilə fəal tədbirlər həyata keçirir, onlarla ölkədə qastrol səfərlərində olub. Ansambl dünyada sülhün, mədəni inteqrasiyanın və milli birliyin möhkəmləndirilməsinə böyük töhfə verir.
Ansamblın təqdim etdiyi musiqi nömrələri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Konsertin sonunda kollektivə festivalın simvolu təqdim edilib.