İranda 1 ton 800 kiloqram narkotik maddə müsadirə edilib

İranın Sistan-Bəlucistan bölgəsində polisin həyata keçirdiyi əməliyyat nəticəsində 1 ton 800 kiloqram narkotik maddə ələ keçirilib.

Türk.az bölgənin polis rəisi general Məhəmməd Qənbəriyə istinadən xəbər verir ki, daxil olan operativ məlumatdan sonra polis əməkdaşları bölgədəki İranşəhr şəhərinə gələn yollarda axtarış-əməliyyat tədbirləri keçirib. Nəticədə şəhərə daxil olmaq istəyən avtomobilin birində 1 ton, digərində isə 800 kiloqram narkotik maddə aşkar edilərək müsadirə olunub. Hazırda araşdırma aparılır və polis narkotik maddənin alıcısını yaxalamağa çalışır.

Xatırladaq ki, İranın ən böyük regionu olan Sistan-Bəlucistan bölgəsi Əfqanıstan və Pakistan ilə sərhəddə yerləşir. Qaçaqmalçılar bu bölgədən tranzit kimi istifadə edərək narkotik maddələri İrana, buradan isə Türkiyə və Avropa ölkələrinə daşımağa çalışırlar. Lakin İran polisi ciddi cəhdlər göstərərək narkotik maddələrin qaçaqmalçılığının qarşısını almağa çalışır.

ƏvvəlkiPrezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
NövbətiBu gün Azərbaycan millisi UEFA Millətlər Liqasında ikinci oyununa çıxacaq