Bu gün səhər saatlarında İranın İsfahan şəhərində “Xane-i-İsfahan” həbsxanasında Saleh Mirhaşimi, Məcid Kazemi və Səid Yəqubi barəsində çıxarılan ölüm hökmü icra olunub.
“Report” xəbər verir ki, bu barədə məlumatı “Fars” agentliyi yayıb.
Qeyd edilib ki, onlar 2022-ci ilin noyabrın 25-də İsfahanda Məhhəle-Xane meydanın təhlükəsizlik qüvvələrinin 3 əməkdaşına silahlı hücum edərək, onları qətlə yetirməkdə təqsirli biliniblər.
Xatırladaq ki, son bir neçə gündə İsfahan şəhərinin mərkəzi həbsxanası qarşısında edam olunan 3 nəfər barəsində çıxarılan ölüm hökmünə etiraz aksiyası keçirilib. Həbsxana qarşısına toplaşan insanlar hökumət əleyhinə şüarlar səsləndiriblər.
Qeyd edək ki, Tehran rejiminin hərbi-polis qüvvələrinin etirazçılara qarşı odlu silahlardan atəş açdığına dair məlumat yayılmışdı. Narazılara qarşı gözyaşardıcı qazdan istifadə olunduğu da bildirilirdi.
Həbsxana qarşısında aksiya artıq edam edilmiş Məcid Kaziminin saxta etiraflara məcbur olunmasından sonra başlayıb. Məlumata görə, ona etiraz almaq üçün işgəncə verilib.
Xatırladaq ki, edam edilmiş Saleh Mirhaşimi, Məcid Kazemi və Səid Yəqubi ötən il sentyabrın 17-də başlayan etiraz aksiyalarının fəal iştirakçıları olub. Müşahidəçilərin sözlərinə görə, hakimiyyət onları edam etməklə etiraz aksiyası keçirənləri çəkindirməyə çalışır.