Xəzər dənizinin İran sahillərindən qayıqlarla ölkəmizə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən mütəşəkkil dəstənin üzvləri saxlanılıblar.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Xəzər dənizinin İran sahillərindən qayıqlarla Azərbaycana narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən mütəşəkkil dəstənin əsas üzvlərinin saxlanılması istiqamətində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat-axtarış tədbiri həyata keçirilib. Belə ki, əvvəllər məhkum olunmuş şəxslər – Elşad Əliyev və Zakir Nağıyev narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün Baş İdarənin əməkdaşlarının Sumqayıt şəhərinin Yaşma bağları adlanan ərazisində keçirdiyi tədbir nəticəsində saxlanılıblar. Onların üzərindən və Zakir Nağıyevin idarə etdiyi avtomobildən ümumilikdə 187 kiloqram, o cümlədən 113 kiloqram tərkibi psixotrop maddələr əlavə edilərək zənginləşdirilən marixuana, 37 kiloqram heroin, 36 kiloqram metamfetamin, 1 kiloqram tiryək və 5 min ədəd “Metadon M40” həbi aşkarlanaraq götürülüb.
Araşdırmalar zamanı Elşad Əliyevin və Zakir Nağıyevin vaxtaşırı olaraq Rəsul, Rza və şəxsiyyətləri araşdırılan digər İran vətəndaşları ilə əlbir olaraq narkotikləri dəniz yolu ilə ölkə ərazisinə gətirdikləri müəyyən edilib. Saxlanılan şəxslər həmin narkotik vasitələri əldə edəndən sonra Bakıda ayrı-ayrı şəxslərə ötürərək satışını təşkil etməyi planlaşdırıblar. Elşad Əliyev və Zakir Nağıyev ifadələrində dəfələrlə İrandan xüsusi katerlərlə dəniz vasitəsilə qaçaqmalçılıq yolu ilə Xəzər rayonu Zirə qəsəbəsində hər kəsin “qartalın burnu” kimi tanıdığı yerə göndərilən narkotikləri xüsusi texniki vasitələrdən istifadə yolu ilə əldə etdiklərini və satışını həyata keçirdiklərini bildiriblər.
Elşad Əliyev və Zakir Nağıyev ətrafda şübhə oyatmamaq üçün ilk baxışdan hər kəsdə balıqçı görüntüsü yaradıblar. Araşdırmalarla onların dəniz yolu ilə gətirilən narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsini təşkil edən əsas şəxslərdən olmaları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Ölkə ərazisinə dəniz yolu ilə narkotik vasitələr gətirməyə çalışan narkoşəbəkənin ölkə daxilində və xaricdəki digər üzvlərinin saxlanılmaları istiqamətində əməliyyatlar davam etdirilir.