İranın Ali Rəhbəri Seyid Əli Xamneyinin Xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu bir daha bəyan edib.
AZƏRTAC xəbər verir ki, Ə.Ə.Vilayəti İranın nüfuzlu “Keyhan” qəzetinə müsahibəsində deyib: “Azərbaycanın işğal olunmuş əraziləri boşaldılmalıdır. Bütün ölkələrin ərazi bütövlüyünə hörmət edilməsi BMT Nizamnaməsinin əsas prinsiplərindən biridir və biz də təşkilatın üzvü olaraq, ona sadiq qalırıq. Azərbaycanın 7 rayonu Ermənistan tərəfindən işğal edilib. BMT Təhlükəsizlik Şurası Bununla bağlı 4 qətnamə qəbul edib ki, onların hamısında Azərbaycanın bu bölgələrinin işğaldan azad edilməsi tələb olunur. BMT-nin üzvü olaraq Ermənistanın işğal edilmiş əraziləri Azərbaycana qaytarmasını istəyirik. Bu ərazilərin işğalı nəticəsində 1 milyondan çox azərbaycanlı köçkün düşüb. Onlar tezliklə vətənlərinə qayıtmalıdırlar”.
Əli Əkbər Vilayəti diqqətə çatdırıb ki, müharibə insan itkisi və faciələrə səbəb olduğu üçün İran problemin danışıqlar yolu ilə həllinə tərəfdardır. Rəsmi Tehran da vasitəçilik etməyə hazırdır.
Qeyd olunub ki, İran bölgəyə kənardan silahlı qüvvələrin, yaxud da döyüşçülərin gətirilməsinin qəti əleyhinədir.