İranın xarici işlər naziri Hüseyn-Əmir Abdullahian Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.
N.Kənaninin sözlərinə görə, Qoşulmama Hərəkatının xarici işlər nazirləri səviyyəsində iclası böyük əhəmiyyət kəsb edir. Bu təşkilat müxtəlif regional və beynəlxalq proseslərdə önəmli və təsiredici rola sahibdir.
Kənani əlavə edib ki, İran və Azərbaycan xarici işlər nazirləri arasında telefon söhbətində İranın qeyd olunan iclasda yüksək səviyyədə iştirakı qeyd olunub. İran bu hərəkata və Azərbaycanla ikitərəfli münasibətlərə dəyər verdiyinə görə, iclasda yüksək səviyyədə iştirak edəcək.
“İranın xarici işlər nazirinin səfər çərçivəsində azərbaycanlı həmarkı ilə ikitərəfli görüşü baş tutacaq və digər görüşlər də təşkil olunacaq. Bu görüşlərin hər biri əhəmiyyət kəsb edir”, – deyə o qeyd edib.
Kənani bildirib ki, baş tutacaq görüşlər İran və Azərbaycan arasında anlaşılmazlıqların aradan qaldırılması ilə nəticələnə bilər. İki tərəf arasında münasibətlər atmosferi görüşlərin təşkili ilə müsbətdir. İran xarici işlər nazirinin Azərbaycana səfəri və keçiriləcək görüşlər iki tərəf arasında münasibətlərin yüksəlməsi ilə nəticələnə bilər.