Azərbaycan haqqında həqiqətlərin bütün dünyada yayılmasında mühüm rol oynayan “İRS” beynəlxalq jurnalının yapon dilində növbəti nömrəsi nəşr olunub.
AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsindəki məqalələrin bir çoxu Qarabağla bağlıdır. Onlardan biri Şuşa şəhərinə həsr edilib. Eyni zamanda, Ağdam şəhəri, onun ermənilər tərəfindən işğalı və tam şəkildə dağıdılmasi, hazırda aparılan quruculuq işləri ilə bağlı oxuculara geniş məlumat verən məqalə də jurnalda yer alıb. Yaponiyanın region üzrə tanınmış mütəxəssisi, professor Akira Matsunaqa məqaləsində keçmiş Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın Zəfəri və ərazilərinin bərpası, o cümlədən Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları mövzularına toxunub.
Jurnalın hazırkı nömrəsinin nəşri 2022-ci ildə Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə təsadüf edir. Yaponiyanın Azərbaycandakı sabiq səfiri Toşiyuki Fucivara iki dövlət arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr etdiyi məqaləsində bu münasibətlərin inkişafı, xüsusilə 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin Yaponiyaya səfəri və bu səfərin ikitərəfli münasibətlərin inkişafına təkan verməsi vurğulanır.
Hazırda Yaponiyanın Azərbaycandakı səfirliyində çalışan diplomatlardan birinin həyat yoldaşı xanım Okada Azərbaycan mətbəxi ilə bağlı məqaləsində yapon oxucuları zəngin mətbəximiz ilə tanış edir, müxtəlif regionların mətbəx nümunələrini əks etdirən fotoları ilə dolğun şəkildə söz açır.
Jurnalda Azərbaycanın turizm potensialı ilə bağlı məqalə də yer alıb.
“İrs” jurnalı yapon oxucularının Azərbaycanı daha da yaxından tanımaq üçün əhəmiyyətli bir nəşrdir.
Jurnalın nüsxələri Yaponiyanın parlament nümayəndələrinə, elmi-tədqiqat institutları və beyin mərkəzlərinə, kitabxanalara və ali təhsil ocaqlarına göndərilir, habelə ölkəmizin Yaponiyadakı səfirliyinin keçirdiyi tədbirdə qonaqlara təqdim edilir.