İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin may ayından etibarən Laçın, Ağdam rayonları ilə yanaşı, Füzuli rayonunun işğaldan azad olunmuş hissəsində kadastr və yerquruluşu işləri aparılır.
“Report” bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu işlər çərçivəsində Füzulinin işğaldan azad olunmuş hissəsində 71 735 hektar çöl torpaq tədqiqatı və 19 min hektara yaxın ərazidə çöl geobotaniki tədqiqat işləri həyata keçirilib. Müasir çöl ölçmə aparatlarından istifadə edərək 33 677 hektar ərazinin elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələri hazırlanıb.
İşğaldan azad edilmiş ərazilərdə aparılmış yerquruluşu işləri çərçivəsində bu günədək Zəngilan, Qubadlı, Kəlbəcər, Cəbrayıl, Laçın, Füzuli və Ağdam rayonları üzrə ümumilikdə 687 min hektara yaxın ərazidə çöl ölçmə işləri icra olunub.
Qeyd edək ki, torpaq kadastrı işləri çərçivəsində həmçinin, torpaqların iqtisadi qiymətləndirilməsi həyata keçirilir. Bu günədək Zəngilan, Qubadlı, Kəlbəcər, Cəbrayıl, Laçın, Ağdam və Füzuli rayonları üzrə ümumilikdə, 541 531 hektar ərazidə çöl torpaq tədqiqatı, 490 060 hektar ərazidə çöl geobotaniki tədqiqatlar aparılıb, torpaq və bitki nümunələri götürülərək aqrokimyəvi analizlərin aparılması üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin və Kənd Təsərrüfatı Nazirliyinin laboratoriyalarına verilib.