“İslahatçı Gənclər” İctimai Birliyinin(İGİB) sədri Fərid Şahbazlı və Türkiyə təmsilçisi vəkil Zemfira Əliyeva 16-27 sentyabr tarixlərində Polşanın Varşava şəhərində səfərdə olacaqlar.
Bu barədə məlumat verən İGİB sədri Fərid Şahbazlının sözlərinə görə, səfərin məqsədi ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi İnsani Dəyərlərin Tətbiqi üzrə İllik Toplantısında iştirak etməkdir. Birlik sədri qeyd edib ki, bu toplantıda ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, parlamentarilər, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər:
“İllik Toplantıda seçki hüququ və demokratik seçkilər, insan hüquqları, media azadlığı, ərazi bütövlüyü, dini inanc azadlığı və radikalizmə qarşı mübarizə, ifadə azadlığı, qaçqın və məcburi köçkünlər, separatizm və terrorçuluğa qarşı mübarizə kimi mühüm mövzular müzakirə olunur.
“İslahatçı Gənclər” İctimai Birliyi olaraq, bu mühüm toplantıda artıq ikinci dəfə iştirak edərək, müxtəlif mövzularda müzakirələrə qatılacağıq. Təşkil olunan müzakirələrdə Azərbaycanda insan hüquq və azadlıqları sahəsində həyata keçirilən mühüm islahatlar, ölkəmizə qarşı Ermənistan tərəfindən həyata keçirilən işğalçılıq siyasəti və bir sıra digər mövzularda çıxışlar edərək Avropa ictimaiyyətinə geniş məlumatlar verəcəyik
Eyni zamanda konfrans çərçivəsində keçirəcəyimiz yüksək səviyyəli ikitərəfli görüşlər və hazırladığımız çap materialları vasitəsi ilə ölkəmizin haqq səsini Avropa ictimaiyyətinin diqqətinə çatdıracağıq”-deyə F.Şahbazlı qeyd edib.
Qeyd edək ki, səfərə Gənclər və İdman Nazirliyi də dəstək verir.