Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə ictimai-siyasi həyatın bütün sahələrində köklü islahatlar gedir. İslahatlar Azərbaycanda vətəndaş fəallığını nəzərəçarpan dərəcədə artırıb. Bu barədə söz düşəndə Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, politoloq Azər Verdiyev dedi:
– Qarşıdakı iki ay ərzində ölkəmizdə iki dəfə seçkilər keçiriləcək. Səsvermə hüququ olan vətəndaşlar birinci dəfə dekabrın 23-də bələdiyyələrin, gələn il fevralın 9-da isə Milli Məclisin namizədlərinə səs verəcəklər. Bunların hər ikisi mühüm siyasi kampaniyadır. Ölkə vətəndaşları hər iki seçki kampaniyasında fəal şəkildə iştirak etmək əzmindədirlər.
Hesab edirəm ki, Azərbaycanda qanunun aliliyinin yüksək milli dəyərə çevrildiyi vətəndaş cəmiyyəti bərqərar olub. Görünən budur ki, vətəndaşlar öz bilik və bacarıqlarına inanır, hər vəchlə ölkənin tərəqqisi üçün yeni təşəbbüslər irəli sürür, daha yüksək hədəflərə nail olmağa cəhd edirlər.
Çoxları kimi, mən də ölkəmizin ictimai-siyasi həyatında baş verən pozitiv dəyişiklikləri dərin maraqla izləyirəm. Müşahidələrim bunu deməyə əsas verir ki, bu gün vətəndaş cəmiyyəti fəallarının çoxu islahatlara həssas yanaşır, ölkədəki müsbət dəyişikliklərin təkcə müşahidəçiləri yox, həm də fəal iştirakçıları olmağa çalışır. Bu, çox təqdirəlayiq haldır.
Müstəqil ölkəmiz indi tarixinin ən məsuliyyətli və parlaq dövrünə qədəm qoyub. Ulu öndər Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycan xalqımızın sevimli lideri Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində günbəgün güclənir, bütün dünyada sayılıb-seçilən, qüdrətli dövlətlərdən birinə çevrilir.
İslahatların əsas ağırlığı, təbii ki, gənclərin üzərinə düşəcək. Müasir gənclər indi daha fəal, daha kreativ və təşəbbüskar olmalıdırlar. Biz zəkalı, yüksək intellektli, kreativ millətik. İnanıram ki, gənclər onlara göstərilən yüksək etimadı doğruldacaqlar.
Söhbəti qələmə aldı:
M.HACIXANLI,
“Xalq qəzeti”