Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 12-də İslamabadda Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasının ərazisindəki “Milli Aerokosmik Elm və Texnologiya Parkı”nda (NASTP) hərbi sərgi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına sərgi haqqında məlumat verildi.
Bildirildi ki, müxtəlif bölmələrdən ibarət sərginin “NASTP Alpha” hissəsində Pakistan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri, kosmos, radar, simsiz rabitə sistemləri, simulyatorlar, kibertexnologiyalar, informasiya texnologiyaları, proqram təminatı və süni intellekt sahələrində məhsullar nümayiş etdirilir. Bu bölmədə, həmçinin “NASTP PSDP”, Təlim, Sertifikatlaşdırma və Aviasiya Xidmətləri bölmələri yerləşir. NASTP özündə İnkişaf etməkdə olan Sistemlər və Texnologiyalar İnstitutu (NIEST) bir neçə imza təlim mərkəzini, eyni zamanda, İnkişaf Edən Texnologiyalar və Sistemlər Məktəbini birləşdirir. Sərginin “NASTP Alpha” hissəsində Aviasiya Universitetinin Milli Kibertəhlükəsizlik Mərkəzi yerləşir.
NASTP Aviasiya Akademiyası “Milli Aerokosmik Elm və Texnologiya Parkı”nın qabaqcıl layihəsi olmaqla dünya səviyyəli təlim institutu və uçuş, təhlükəsizlik və texniki xidmət üzrə təlimlər üçün regional mərkəzə çevrilmək niyyətindədir.
Sərginin “Alpha Techno” guşəsində isə istər startap, istərsə də yaradılmış biznes və ya müəssisələrlə bağlı maneəsiz və sərfəli iş sahəsi həlləri təqdim olunur.